2026-cı il “Qızıl top” mükafatlandırması çərçivəsində kişi futbolunda mövsümün ən yaxşı məşqçisi adına namizədlər müəyyənləşib. “Yohan Kroyff” mükafatı uğrunda beş mütəxəssis mübarizə aparacaq.
Siyahıda İspaniya futbol məktəbi üstünlük təşkil edir. Beş namizəddən dördü ispaniyalıdır, yalnız “Bavariya”nın baş məşqçisi Vensan Kompani Belçikanı təmsil edir. Ötən il mükafatı qazanan Luis Enrike isə titulunu qorumaq şansı əldə edib.
2025/26 mövsümünün nəticələrinə əsasən “Yohan Kroyff” mükafatına bu məşqçilər namizəd göstərilib:
- Mikel Arteta – “Arsenal”
- Luis de la Fuente – İspaniya millisi
- Unai Emeri – “Aston Villa”
- Vensan Kompani – “Bavariya”
- Luis Enrike – PSJ
Namizədlərin hər biri ötən mövsümü titulla başa vurub. Arteta “Arsenal”la İngiltərə Premyer Liqasını, de la Fuente İspaniya ilə dünya çempionatını, Emeri “Aston Villa” ilə Avropa Liqasını qazanıb.
Kompani “Bavariya” ilə Bundesliqa, Almaniya Kuboku və Superkubokda çempionluq yaşayıb. Luis Enrikenin PSJ-si isə Çempionlar Liqası, Fransa Liqa 1-i, UEFA Superkuboku, Qitələrarası Kubok və Fransa Superkubokunun qalibi olub.
Qalib oktyabrda Londonda müəyyənləşəcək
2026-cı il “Qızıl top” mərasimi oktyabrın 26-da Londonda təşkil olunacaq. Bu, mükafatın 70-ci yubiley mərasimi olacaq və tədbir tarixdə ilk dəfə İngiltərə paytaxtında keçiriləcək.
Londonun seçilməsi simvolik xarakter daşıyır. “Qızıl top” 1956-cı ildə təsis olunub və mükafatın ilk qalibi ingiltərəli Stenli Metyuz olub.
“Qızıl top” mükafatlarının təşkilində 2024-cü ildən etibarən UEFA da tərəfdaş kimi iştirak edir. Kişi futbolunda ən yaxşı məşqçiyə verilən “Yohan Kroyff” mükafatının ilk sahibi 2024-cü ildə Karlo Ançelotti, 2025-ci ildə isə Luis Enrike olub.





