“Red Bull” pilotu Maks Ferstappen Formula 1-in gələcəkdə yenidən V8 mühərriklərinə keçməsinin tərəfdarı olduğunu bildirib. Dördqat dünya çempionu müasir bolidlərin ağırlığını və güc qurğularının sürücüyə verdiyi hissləri növbəti dəfə tənqid edib.
Niderlandlı pilot klassik atmosfer mühərrikləri ilə təchiz edilmiş köhnə Formula 1 avtomobillərini idarə etməyin tamamilə fərqli təcrübə olduğunu vurğulayıb. Onun fikrincə, V8 mühərrikləri qaz pedalına daha təbii reaksiya verir və bolidin idarə olunmasını asanlaşdırır.
Ferstappen V8 mühərrikləri ilə bağlı mövqeyini belə ifadə edib:
“V8-ə qayıtmaq lazımdır – heç olmasa idarəetmə naminə. Köhnə maşınların sükanı arxasına keçəndə mühərrikin qaza nə qədər fərqli reaksiya verdiyini və onu idarə etməyin nə qədər yaxşı olduğunu təsəvvür etmək çətindir. Adi V8 ilə müqayisədə indi hər şeyin nə qədər pis olduğunu görürsən.
2025-ci ilin turbo-hibrid güc qurğuları da V8-lə müqayisədə hissiyyat baxımından dəhşətlidir. V8 xeyli yaxşıdır. Onunla maşın daha sərbəst və yüngül olur. Müasir bolidlər isə çox ağırlaşıb.
Uşaq olduğum dövrdə V8 və V10 mühərriklərinin yaratdığı emosiyaları xatırlayın. Trasda gedirsən, maşınların səsini eşidirsən və tüklərin biz-biz olur. Onların 350 və ya 360 deyil, 300 km/saat sürətlə getməsinin heç bir əhəmiyyəti yoxdur”.
Formula 1 2026-cı ildən yeni nəsil turbo-hibrid güc qurğularına keçib. Bununla yanaşı, FIA gələcək mühərrik qaydaları üzərində müzakirələri davam etdirir və daha sadə, daha ucuz güc qurğularına keçid variantları arasında V8 konsepsiyası da gündəmdədir.





