Azərbaycanda ilk dəfə təşkil olunacaq FIFA U-15 Dünya Çempionatı və Festivalının qrupları və yarış formatı müəyyənləşib. Turnirdə 191 milli komanda iştirak edəcək və onlar 32 qrupda mübarizə aparacaqlar.
Püşkün nəticəsinə əsasən, Azərbaycan U-15 millisi AF qrupunda yer alıb. Yığmamız qrup mərhələsində Andorra, Avstraliya, Haiti, İsrail və Şərqi Timor komandaları ilə qarşılaşacaq.
Turnirin yarış proqramı oktyabrın 24-də başlayacaq, həlledici qarşılaşmalar isə oktyabrın 30-da keçiriləcək. FIFA-nın yeni formatda təşkil etdiyi yarışda 2011 və 2012-ci il təvəllüdlü oğlan futbolçular iştirak edə biləcəklər. Yarışa 3 mindən çox futbolçu, məşqçi və rəsmi şəxsin qatılması gözlənilir.
Bakıda 943 qarşılaşma keçiriləcək
Matçlar ənənəvi 11×11 deyil, 8×8 formatında təşkil olunacaq. Hər görüş 20 dəqiqəlik iki hissədən ibarət olacaq. Komandaların heyətində 14 futbolçu, nümayəndə heyətində isə əlavə olaraq altı nəfərədək əməkdaş yer ala biləcək.
İlkin mərhələdə komandalar qruplarda dörd və ya beş oyun keçirəcəklər. Nəticələrə əsasən iştirakçılar ikinci mərhələ üçün altı performans səviyyəsinə bölünəcəklər. Hər komanda burada da dörd və ya beş görüş keçirəcək. Beləliklə, heç bir yığma erkən mərhələdə turnirlə vidalaşmayacaq və bütün iştirakçılar son oyun gününədək mübarizəni davam etdirəcəklər. A səviyyəsinin qalibi turnirin çempionu elan olunacaq.
Yarış ərzində ümumilikdə 943 matçın keçirilməsi nəzərdə tutulur. Qarşılaşmaların böyük hissəsi Hövsandakı yarış kompleksində təşkil ediləcək. İnfrastruktur eyni vaxtda 20 oyunun keçirilməsinə imkan verəcək.
Açılış qarşılaşması və müxtəlif səviyyələr üzrə həlledici oyunlar, o cümlədən final Bakı Kristal Zalında baş tutacaq.
Bu, FIFA U-15 Dünya Çempionatı və Festivalının tarixdə ilk buraxılışı olacaq. 2027-ci ildə qızlardan ibarət U-15 komandaları üçün ilk turnirin keçirilməsi, 2028-ci ildən isə oğlanlar və qızlar arasında yarışların hər il təşkili planlaşdırılır.





