“Formula-1”də 2027-ci il mövsümündən etibarən yarışların keçirilməsinə təsir edəcək bir sıra mühüm dəyişikliklər razılaşdırılıb. “Formula-1” Komissiyasının Londonda keçirilən iclasında Qran-prilərin məsafəsinin azaldılması, fasilələrlə bağlı vaxt qaydalarının yenilənməsi və digər məsələlər üzrə qərarlar qəbul edilib. Dəyişikliklərin qüvvəyə minməsi üçün FIA Dünya Motor İdmanı Şurasının təsdiqi tələb olunur.
Əsas yenilik standart Qran-pri məsafəsinə aiddir. Hazırda 305 kilometr olan yarış məsafəsinin 2027-ci ildən 290 kilometrə endirilməsi razılaşdırılıb. Beləliklə, yarışlar trasın uzunluğundan asılı olaraq təxminən iki və ya üç dövrə qısalacaq. Dəyişiklik 2027-ci ildə güc qurğularında yanacaq axını ilə bağlı tətbiq olunacaq yeniliklərlə əlaqələndirilir.
Yağışlı yarışlarda üç saatlıq limit aradan qaldırılır
Komissiya yağış, qırmızı bayraq və digər səbəblərdən dayandırılan yarışlarla bağlı qaydalara da dəyişiklik edilməsini razılaşdırıb. Hazırkı reqlamentə əsasən, fasilələr nəzərə alınmaqla Qran-prinin ümumi müddəti maksimum üç saat ola bilər. 2027-ci ildən bu məhdudiyyətin ləğvi və trasdakı yarış fəaliyyətinin başa çatması üçün əvvəlcədən müəyyənləşdirilmiş son vaxtın tətbiqi planlaşdırılır.
Bununla belə, bolidlərin real yarış şəraitində trasda keçirdiyi müddət üçün mövcud iki saatlıq limit dəyişməyəcək. FIA bu yeniliyin gözlənilməz fasilələr zamanı tamaşaçıların yarışı mümkün qədər tam izləmək şansını artıracağını bildirir. Dayandırılan sərbəst yürüş sessiyalarının uzadılması üçün də daha geniş imkan yaradılacaq.
Digər qərara əsasən, 2027-ci ildən sürət qutularının homologasiyasının tətbiqi planından imtina ediləcək. Məqsəd təchizatçıların bu sahədə inkişaf və təkmilləşdirmə imkanlarını qorumaqdır.





