Corc Rassell Bakıdakı hər iki sərbəst yürüşü lider tamamladı

“Formula 1” üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başa çatıb. Bakı Şəhər Halqasında keçirilən sessiyada “Mercedes” pilotu Corc Rassell ən sürətli nəticəni göstərərək gün ərzində ikinci dəfə protokolun ilk pilləsində qərarlaşıb.

İkinci yeri Rassellin komanda yoldaşı Andrea Kimi Antonelli tutub. “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen isə üçüncü nəticəni göstərib. Beləliklə, “Mercedes” ikinci sərbəst yürüşü ilk iki pillədə başa vurub.

Sessiya insidentsiz ötüşməyib. “Racing Bulls” pilotu Arvid Lindblad trasın İçərişəhər hissəsində 9-cu döngədə baryerə toxunaraq qəza edib. Hadisədən sonra qırmızı bayraqlar göstərilib və yürüş müvəqqəti dayandırılıb.

Rassell ilk sərbəst yürüşdə də ən sürətli idi

Britaniyalı pilot günün əvvəlində keçirilən birinci sərbəst yürüşdə də rəqiblərini qabaqlamışdı. Rassell 1:45.387 nəticə göstərərək Maks Ferstappendən 0.400 saniyə sürətli olmuşdu. “Ferrari”dən Şarl Lekler isə liderdən 0.404 saniyə geri qalaraq üçüncü yeri tutmuşdu.

Antonelli üçün ilk sessiya daha çətin keçmişdi. Hidravlik sistemdə yaranan problem səbəbindən italiyalı pilot bolidi trasda saxlamaq məcburiyyətində qalmış və yürüşün əhəmiyyətli hissəsini buraxmışdı. Buna baxmayaraq, o, ikinci sərbəst yürüşdə trasa qayıdaraq ikinci nəticəni göstərib.

Azərbaycan Qran-prisinin proqramı sentyabrın 25-də üçüncü sərbəst yürüş və sıralama turu ilə davam edəcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni