Üç çəki dərəcəsində keçmiş dünya çempionu Vasili Lomaçenko peşəkar boksa qayıtmağa hazırlaşır. 38 yaşlı ukraynalı boksçunun növbəti döyüşünü 2026-cı ilin noyabrında keçirməsi planlaşdırılır.
Bu barədə Lomaçenko ilə Puerto-Rikoda keçirilən boks tədbirində görüşən amerikalı idman şərhçisi Brayan Kaster məlumat verib.
“Lomaçenko mənə dedi ki, noyabrda ikinci yarımyüngül çəkidə rinqə qayıdacaq”, – Kaster bildirib.
Beləliklə, Lomaçenko yüngül çəkidən aşağı enərək 130 funt (58,97 kq) limitində döyüşəcək. Ukraynalı daha əvvəl bu çəki dərəcəsində dünya çempionu olub. Onun noyabrdakı döyüşünün dəqiq tarixi, keçiriləcəyi məkan və rəqibinin adı isə hələ açıqlanmayıb.
Lomaçenko iki ildən çox sonra rinqə çıxacaq
Lomaçenko sonuncu dəfə 2024-cü ilin mayında Avstraliyada Corc Kambososla qarşılaşıb. Ukraynalı rəqibini 11-ci raundda texniki nokautla məğlub edərək IBF versiyası üzrə yüngül çəkidə dünya çempionu titulunu qazanıb.
O, 2025-ci ilin iyununda peşəkar karyerasını başa vurduğunu açıqlasa da, 2026-cı ilin mayında qərarını dəyişərək boksa qayıtmağa hazırlaşdığı məlum olub.
Lomaçenkonun peşəkar rinqdə göstəricisi 18 qələbə və 3 məğlubiyyətdir. Qələbələrinin 12-ni nokautla əldə edən ukraynalı karyerası ərzində yarımyüngül, ikinci yarımyüngül və yüngül çəki dərəcələrində dünya çempionu olub.
O, həvəskar boksda da böyük uğurlara imza ataraq 2008 və 2012-ci illərdə Olimpiya çempionu adını qazanıb.
Lomaçenko hazırda ailəsi ilə birlikdə Puerto-Rikoda yaşayır və gözlənilən geri dönüş döyüşünə hazırlıq keçir. Noyabr qarşılaşması onun təxminən iki il yarımlıq fasilədən sonra ilk rəsmi döyüşü olacaq.





