Norveçli hücumçu Erlinq Haland peşəkar karyerasını İspaniya nəhəngi “Barselona”da davam etdirmək variantını ciddi şəkildə nəzərdən keçirir. “El Nacional” nəşrinin yaydığı məlumata əsasən, 26 yaşlı qol maşını Kataloniya təmsilçisinin sıralarına qoşularaq gənc ulduz Lamin Yamal ilə eyni heyətdə hücum xəttini formalaşdırmaq arzusundadır.
Mənbələr iddia edir ki, ulduz forvard “Mançester Siti”dəki dövrünün artıq yekunlaşmaq üzrə olduğunu düşünür və cari mövsümün sonunda İngiltərə klubundan ayrılmağı planlaşdırır. Norveçli hücumçunun bu qərarına “şəhərlilər”ə qarşı maliyyə qaydalarının pozulması ilə bağlı davam edən araşdırmalar və klubun üzləşə biləcəyi mümkün ciddi sanksiyalar da təsirsiz ötüşmür.
Gənc qolçunun nümayəndələrinin mümkün keçidi “Barselona”nın prezidenti Joan Laporta ilə müzakirə etməyə açıq olduğu bildirilir. Bununla belə, tərəflər arasında təmasların ilkin səviyyədə olduğu və hələlik hər hansı rəsmi və ya konkret razılaşmanın əldə olunmadığı qeyd edilir.





