“Report” xəbər portalının suallarını “Turan Tovuz” futbol klubunun kapitanı Şəhriyar Əliyev cavablandırıb. 31 yaşlı müdafiəçi Azərbaycan Kubokundan kənarlaşdırılma, Misli Premyer Liqasındakı hədəfləri və Azərbaycan milli komandasının UEFA Millətlər Liqasındakı çıxışına dair fikirlərini bölüşüb.
– Azərbaycan Kubokunun 1/8 finalında “Sabah” komandasına penaltilərlə məğlub oldunuz. Oyuna dair nə deyə bilərsiniz?
- Penaltilər üzərində məşq etmişdik, çünki 120 dəqiqədə nəticənin bəlli olmayacağını düşünürdük. Penalti isə lotereyadır. Ya qazanırsınız, ya da uduzursunuz. Təəssüf ki, şans bu dəfə bizimlə olmadı. Gələcək oyunlara daha yaxşı hazırlaşacağıq.
– İki dəfə önə keçmişdiniz. Niyə qələbəni qoruya bilmədiniz?
- Birinci hissənin sonunda və əlavə vaxtda qollar buraxdıq. Belə anlar komandaya mənfi təsir edir. Gələcək oyunlarda bu problemləri həll etməyə çalışacağıq.
– Müdafiəçiniz Denis Marandiçin ciddi zədələnməsi komandanı necə təsirləndirdi?
- Denis bizim əsas oyunçularımızdan biridir. Onun yoxluğu komandaya təsirsiz ötüşmədi. Ümid edirəm ki, tezliklə sağalaraq komandamıza qayıdar.
– Premyer Liqada son dörd oyunda qələbə qazana bilməmisiniz. Bunun səbəbini nədə görürsünüz?
- Son oyunlarda rəqiblərimiz “Araz-Naxçıvan”, “Sabah” və “Qarabağ” kimi güclü komandalar idi. Sadəcə səfərdə “Səbail”lə heç-heçə edə bildik. Gələn oyunda azarkeşlərimizi sevindirməyə çalışacağıq.
– Avrokuboklara vəsiqə qazanmaq əsas hədəfinizdir. Hazırkı heyətlə bunu bacaracaqsınızmı?
- Hədəfimiz avrokuboklarda iştirak etməkdir. Amma komandamızda çoxlu zədəli oyunçular var və bu oyunlara təsir edir. Qış transfer pəncərəsində güclənməyə ehtiyacımız var.
– “Şamaxı” ilə qarşılaşma barədə nə düşünürsünüz?
- Rəqib də son oyunlarda qələbə qazana bilmir. Amma biz azarkeşlərimizin qarşısında oynayacağıq və qələbə qazanmağa çalışacağıq. Uğur komandaya özünəinam gətirəcək.
– Milli komandaya dəvət olunmamağınızı necə qarşıladınız?
- Bu, baş məşqçinin qərarıdır. Biz də milli komandaya kömək etmək üçün çalışırıq.
– Millətlər Liqasının D liqasına düşməyi necə qəbul etdiniz?
- Bu, bizim üçün böyük təsir etdi. Yenidən əvvəlki mövqelərimizə qayıtmalı və daha yaxşı nəticələr əldə etməliyik.



