Türkiyəli basketbolçu və “Lənkəran” komandasının üzvü Efe Baykal komandanın mətbuat xidmətinə geniş müsahibə verərək, şəxsi performansından, komandanın hədəflərindən və Azərbaycan Basketbol Liqasının inkişafından danışıb. Aşağıda müsahibənin əsas məqamları yer alıb.
“Ordu” ilə qarşılaşmada performansın barədə nə düşünürsən?
- Son oyunlarda baş məşqçi mənə daha çox şans verdi və parketdə əldə etdiyim fürsəti maksimum dəyərləndirdiyimi düşünürəm. Buna baxmayaraq, inkişaf etdirəcəyim çox sahə var və bu istiqamətdə çalışıram. Məqsədim hər gün daha yaxşı olmaqdır.
V turda rəqibiniz “Şəki” olacaq. Nə gözləyirsən?
- Hədəfimiz yalnız qələbədir. Çox yaxşı hazırlaşırıq. Hərçənd bəzi itkilərimiz var, amma rəqibi detallı analiz edərək uyğun bir strategiya hazırlamışıq. Ümid edirəm ki, qalib gələcəyik.
Türkiyədəki liqalarla Azərbaycan Basketbol Liqasını müqayisə etsək, hansı fərqlər və oxşarlıqlar var?
- Azərbaycan Basketbol Liqası sürətlə inkişaf edir və legionerlərin çoxluğu bunun ən yaxşı göstəricisidir. Bu amil liqaya həm rəqabət, həm də peşəkarlıq gətirir.
Komandaya sonradan qoşulmağın adaptasiyaya çətinlik yaratdı?
- Komandaya ən son qatılanlardan biriyəm, amma bu mənim üçün problem olmadı. Burada çox gözəl bir kollektiv var. Bir ailə kimiyik. Hər kəs bir-birinə dəstək olur və bu, mənim üçün adaptasiyanı asanlaşdırdı. Komanda yoldaşlarıma və məşqçilərimə təşəkkür edirəm.
Azərbaycanda ən çox nələri sevirsən?
- İnsanların səmimi olması və kömək etməyə həmişə hazır olmaları mənim üçün ən böyük üstünlükdür. Türkiyə ilə bu xüsusiyyətlərdə böyük bənzərliklər var. Həmçinin, iki ölkənin yeməkləri də çox oxşardır və bu, mənim üçün xoşdur.
Lənkəranı Türkiyənin hansı şəhərinə bənzədirsən?
- Lənkəran doğma şəhərim Malatyaya çox bənzəyir. Buradakı atmosfer və insanlar mənə Malatyadakı evimi xatırladır.