İtaliya futbolunun və “Roma”nın əfsanələrindən Françesko Totti karyerasında yeni səhifə açıb. 2006-cı ildə İtaliya millisi ilə dünya çempionu olan keçmiş futbolçu “Maxima Roma” basketbol klubunun rəhbərliyinə müşavir təyin edilib.
49 yaşlı Totti klubda sadəcə simvolik rol daşımayacaq. O, azarkeş bazasının inkişafı və korporativ sosial məsuliyyət layihələri üzrə fəaliyyət göstərəcək. “Maxima Roma” 2026/27 mövsümündə İtaliya A Seriyası ilə yanaşı, Avrokubokda da mübarizə aparacaq.
Totti yeni layihənin ona fərqli sahədə özünü sınamaq imkanı verdiyini bildirib:
“Mən yeni stimul istəyirdim və yeni bir çağırışı qəbul edərək özümü sınamaq həvəsini hiss edirdim. Mənə təklif olunan rol və ən başlıcası layihə məni elə ilk andan inandırdı. Biz Romaya və romalılara azarkeşlik edə biləcəkləri, fəxr edəcəkləri və özlərini tapacaqları bir basketbol komandası hədiyyə etmək istəyirik”.
“Maxima Roma” böyük hədəflər müəyyənləşdirib
Klub italiyalı-amerikalı investor Pol Matyaşiçin rəhbərlik etdiyi layihə çərçivəsində yaradılıb. “Maxima Roma” “Breşiya”nın idman hüquqlarının alınaraq Romaya köçürülməsindən sonra A Seriyasında iştirak hüququ əldə edib.
Klubun uzunmüddətli məqsədi paytaxt basketbolunu həm İtaliya, həm də Avropa səviyyəsində ön sıralara qaytarmaqdır. Layihədə gənc basketbolçuların inkişafına və komandanın Roma şəhəri ilə əlaqəsinin gücləndirilməsinə də xüsusi diqqət ayrılması nəzərdə tutulur.
Klub prezidenti Pol Matyaşiç Tottinin vəzifəsinin formal xarakter daşımayacağını vurğulayıb. Onun fikrincə, keçmiş futbolçunun Roma şəhəri ilə xüsusi əlaqəsi və idman təcrübəsi yeni komandanın azarkeş auditoriyasının formalaşmasında mühüm rol oynaya bilər.
Totti bütün futbolçu karyerasını “Roma”ya həsr edib
Françesko Totti peşəkar futbolçu kimi yalnız “Roma”nın formasını geyinib. Klubun uzun illər kapitanı olmuş italiyalı 1993-cü ildə əsas komandada debüt edib və 2017-ci ildə futbolçu karyerasını başa vurub.
O, “Roma” ilə İtaliya çempionluğunu, iki ölkə kubokunu və iki İtaliya Superkubokunu qazanıb. Totti eyni zamanda 2006-cı ildə İtaliya millisinin heyətində dünya çempionu olub.
Beləliklə, futbol meydanında Roma şəhərinin əsas idman simvollarından birinə çevrilmiş Totti indi təcrübəsini paytaxtın yeni basketbol layihəsinin inkişafına yönəldəcək.





