Azərbaycan basketbol klubu “Sabah”ın ukraynalı hücumçusu Andrey Voynaloviç sport-az.com saytına müsahibə verib və son oyunları, komandasının hazırkı durumu və milli komandadakı perspektivləri haqqında fikirlərini bölüşüb.
– “Naxçıvan”la 5-ci tur oyununu necə qiymətləndirirsiniz (75:74)? Oyun bu qədər çətin keçəcəyini gözləyirdinizmi?
– Oyuna ciddi hazırlaşmışdıq və asan olmayacağını bilirdik. Üstəlik, tam heyətlə oynaya bilmədik. Bu səbəbdən oyuna maksimum ciddi və diqqətlə yanaşmalı olduq. Qarşılaşma çox maraqlı və gərgin keçdi. Hər iki komandanı dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Möhtəşəm atmosfer var idi. Ümid edirəm ki, hər kəs bu oyundan zövq aldı.
– Bu oyunda 20 xal topladınız. Performansınız sizi qane etdimi, yoxsa daha yaxşı oynaya bilərdiniz?
– Həmişə daha yaxşı oynamaq mümkün olduğunu düşünənlərdənəm. Ancaq nəticə var və bu, ən vacib məqamdır. Şəxsi statistikaya çox önəm vermirəm. Əsas olan komandanın nəticəsidir. Qələbə qazandığımız üçün çox sevinirəm.
– Komanda tam heyətlə oynamırdı: diskvalifikasiya olunanlar və zədəli oyunçular var idi. Bu, oyunu daha da çətinləşdirdi?
– Bəli, elədir. Amma bunun öhdəsindən gəldik. Avropa Kuboklarında da az sayda oyunçu ilə – 7-8 nəfərlik heyətlə oynamağa alışmışıq. Yaxşı fiziki hazırlığımız var və belə oynaya biləcəyimizi bilirdik. Axıra qədər mübarizə apardıq, yaxşı oyun göstərdik və nəticədə qalib gəldik.
– “Sabah” ardıcıl iki ildir çempion olur. Üçüncü dəfə titulu qazana biləcəyinizə inanırsınız? ABL-in səviyyəsi haqda nə düşünürsünüz?
– Gələcək üçün proqnoz vermək istəmirəm. Sadəcə işimizi görür, mübarizə aparırıq və bu yolda davam edəcəyik. Hansı komandanın çempion olacağını görəcəyik. Yenidən qazanmaq istəyirik və axıra qədər oynayacağıq. ABL-in səviyyəsinə gəldikdə isə, hər il liqanın və oyunçularının inkişaf etdiyini görmək xoşdur. Liqa xoşuma gəlir və böyük gələcəyinin olduğuna inanıram.
– Avropa kuboklarında oynamaq həm komandalar, həm də oyunçular üçün həmişə maraqlıdır. İndi diqqət yalnız ABL-ə yönəlib. Avropa turnirlərini darıxmırsınız?
– Əsla. Mən sadəcə basketbol oynamağı sevirəm. Hansı turnir olduğu fərq etmir. Əgər meydana çıxıramsa, sonuna qədər mübarizə aparıram. Əsas olan oyundan və atmosferdən həzz almaqdır. ABL-də oynamaq da çox maraqlıdır.
– Siz Ukrayna millisinin üzvüsünüz və mütəmadi olaraq milli komandaya dəvət alırsınız. Milli komandanın məşqçiləri “Sabah”dakı karyeranız barədə sizinlə danışırlar? Fevral toplanışına dəvət gözləyirsinizmi?
– Növbəti toplanış fevralda olacaq. O vaxt bizdə də oyun olacaq. Milli komandada da geniş heyət yoxdur, buna görə hamımız oyunlara görə səfərbər oluruq. Turnir cədvəlindəki mövqeyimiz ürəkaçan deyil və mümkün olan hər şeyi edəcəyik. “Sabah”la bağlı məşqçilər maraqlanır, danışırıq. Bilirsiniz, basketbol dünyası kiçikdir, hamı bir-birini tanıyır və hər bir detal əhəmiyyət kəsb edir. Milli komanda üçün oynamaqdan qürur duyuram. Həm “Sabah”, həm də milli komandada hər oyunda maksimum potensialımı göstərməyə çalışacağam.