Vasili Berezutski Murad Musayevlə söhbət və “Sabah”ın planları haqda danışdı
“Sabah” klubunun baş məşqçisi Vasili Berezutski Azərbaycan Premyer Liqasının 17-ci turunda “Araz-Naxçıvan” üzərində əldə olunan 1:0 hesablı qələbəni şərh edib. sport-az.com-a açıqlamasında o, matçın nəticəsini belə qiymətləndirib:
“Əslində, oyunun nəticəsi bərabərə ola bilərdi, amma künc zərbəsindən sonra qol vurmağı bacardıq. Bu qələbə komandamızın ruhu və anlaşma baxımından çox önəmlidir. Qısa zamanda yalnız işə yanaşmanı və məşq prosesinin intensivliyini dəyişə bildik. Gələcəkdə daha böyük dəyişikliklər və irəliləyişlər üçün çox iş görməliyik”.
Murad Musayevlə görüş barədə:
Berezutski bildirib ki, görüşdə əsasən futbol, “Sabah” və “Krasnodar” klubları, həmçinin Rusiya və Azərbaycandakı futbolçuların məşq proseslərinə münasibəti müzakirə edilib.
Komandanın planları və fasilədən sonrakı hazırlıq:
Berezutski əlavə edib ki, qış fasiləsindən əvvəl son oyun “Şamaxı” ilə olacaq. “Sabah” hazırlığını öz bazasında davam etdirəcək. “Yanvarın 4-də komandamız toplaşacaq. Mən Niderlandda işləmişəm və orada da belə qısa fasilələr olur. Sistemli şəkildə işləyib, çempionatın ikinci hissəsinə ciddi hazırlaşacağıq” – deyə baş məşqçi vurğulayıb.