Amerikanın “İnter Mayami” klubunun azarkeşləri nəhayət ki, ulduz futbolçu Lionel Messinin meydana qayıdışına şahid oldular. “Qızıl top”un səkkizqat sahibi üç oyunu zədə səbəbindən buraxdıqdan sonra KOKKAKAF Çempionlar Kubokunda Yamaykanın “Kavalier” klubuna qarşı keçirilən matçın 53-cü dəqiqəsində Luis Suaresi əvəz edərək oyuna daxil oldu.
Messinin dönüşü və qələbə qolu
Argentinalı futbolçunun meydana çıxması tribunalar üçün əsl bayrama çevrildi və o, azarkeşlərinin etimadını doğrultdu. Qarşılaşmanın son dəqiqələrində Messi qol vuraraq hesabı 2:0 etdi və komandasına qələbə qazandırdı. Bu, onun cari mövsümdə “İnter Mayami” forması ilə keçirdiyi dörd rəsmi oyunda vurduğu üçüncü qol oldu. Bundan əlavə, onun aktivində iki məhsuldar ötürmə də var.
Növbəti matç və rəqib
“İnter Mayami” növbəti qarşılaşmasını 17 martda MLS çempionatı çərçivəsində keçirəcək. Xavyer Maskerononun komandası səfərdə “Atlanta Yunayted”lə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 03:00-da başlayacaq.