Karyerasının zirvəsində qorxmaz bir döyüşçü kimi tanınan Mayk Taysonun əslində bəzi döyüşlərdən qaçdığı ortaya çıxıb. Sport-az-ın məlumatına görə, boks meneceri Don Kinqin keçmiş matçmeysteri Bobbi Qudmanın sözlərinə əsasən, “Dəmir Mayk” ağır çəkidə ikiqat dünya çempionu olmuş Corc Formanla rinqə çıxmaqdan çəkinib.
Mayk Tayson daim özünü “planetin ən qəddar adamı” adlandırır və dağıdıcı zərbələri ilə rəqiblərini vahiməyə salırdı. Bununla belə, Qudman iddia edir ki, Formanın gücü və təcrübəsi ilə üzləşmək Tayson üçün ciddi narahatlıq yaradırdı.
1980-ci illərdə Mayk Tayson boks dünyasına ildırım sürəti ilə daxil oldu. Onun inanılmaz döyüş tərzi ardıcıl 19 nokaut qələbəsi ilə nəticələndi, bunların 12-si hələ birinci raundda baş vermişdi. 20 yaşında Tayson Trevord Berbiki məğlub edərək WBC çempionluq kəmərini qazandı və ağır çəkidə dünyanın ən gənc çempionu oldu.