“Oyun olduqca gərgin keçdi. Rəqibin hücum xəttinin gücünü əvvəldən bilirdik. Onlar həmçinin standart vəziyyətlərdə də çox təhlükəli olurlar”.
Bu sözləri “Turan Tovuz” klubunun yarımmüdafiəçisi Ayxan Quseynov QOL.az saytına açıqlamasında Misli Premyer Liqasının 6-cı turunda “Sabah”la baş tutan 2:2-lik heç-heçə oyunundan sonra bildirib.
Quseynov, hər iki hissənin başlanğıcında buraxılan qolların komandanın əsas səhvi olduğunu vurğuladı: “Baş məşqçimiz oyunun ilk 15 dəqiqəsində diqqətli və tam konsentrasiya olunmağı tapşırmışdı. Lakin bunu bacarmadıq. Bu, ən ciddi səhvimiz idi. Erkən qol buraxsaq da, oyunda özümüzü itirmədik və daha çox qol vura bilərdik. Qələbə qazanmaq da mümkündü, ancaq nəticədə cəmi 1 xalla kifayətləndik”.
25 yaşlı yarımmüdafiəçi oyun sonlarına yaxın komandasının sayılmayan üçüncü qolu ilə bağlı fikirlərini belə ifadə edib: “Adətən hakim qərarları haqqında çox danışmıram, amma bu dəfə o epizodda topun hələ oyundan çıxmadığını düşünürəm. Təəssüf ki, çəkilişlərdən tam dəqiq nəticə çıxarmaq mümkün deyil. Lakin dəfələrlə epizodu izləmişəm və fikrimcə, qol təmiz idi”.
A.Quseynov şəxsi çıxışı ilə bağlı da fikirlərini bölüşüb: “Baş məşqçimlə davamlı olaraq oyunumu müzakirə edirik. Hər zaman komandama daha çox kömək etmək istəyirəm. Sevindim ki, bu dəfə oyunum yaxşı keçdi və qol vura bildim. Amma daha yaxşı olmalıyam, həm mən, həm də komanda olaraq”.
Yarımmüdafiəçi gələcəkdə “Araz-Naxçıvan”la qarşılaşacaqları oyun barədə də danışıb: “Bu mövsüm bir çox komandalar güclənib və “Araz-Naxçıvan” da bu sıradadır. Onlar mövsümə uğurla başlayıblar. Ona görə də çox çətin bir oyun bizi gözləyir. Ümumiyyətlə, hər bir rəqiblə oyun asan deyil. Biz oyuna tam hazır olmalı və lazımsız top itkilərindən qaçmalıyıq”.