Tanınmış kikboksçumuz, dünya və Avropa çempionu Əmin Quliyev növbəti beynəlxalq turnirdə qalib adını qazanaraq Azərbaycanın idman şərəfini ucaldıb. Bu dəfə o, Taylandın Banqkok şəhərində təşkil olunan Dünya Kubokunda bütün rəqiblərini məğlub edərək qızıl medala sahib çıxıb.
67 kq çəki dərəcəsində K-1 qaydaları üzrə döyüşən Quliyev güclü texnikası və taktiki hazırlığı ilə seçilərək turnirin favoritlərindən biri olduğunu bir daha sübut edib. Rəqiblərinə heç bir şans verməyən idmançı finalda da üstün performans göstərərək yarışın qalibi olub.
Əmin Quliyev artıq illərdir ki, beynəlxalq arenada Azərbaycan bayrağını ucaldaraq uğurlara imza atır. O, təkcə dünya və Avropa çempionatlarında deyil, həmçinin III Ümumdünya Döyüş İdmanları Oyunlarında da fəxri kürsünün zirvəsinə yüksəlib. Onun bu uğuru ölkənin kikboks üzrə əldə etdiyi nailiyyətlərin davamıdır.