Amerikalı döyüşçü Con Consun UFC-nin ağır çəki dərəcəsindəki çempion titulundan məhrum edilməsi ilə bağlı petisiya qısa müddətdə böyük dəstək toplayıb.
Azarkeşlər niyə narazıdır?
Change.org platformasında @Tony_has_died istifadəçi adı ilə yaradılan petisiyada qeyd olunur ki, Con Cons britaniyalı döyüşçü Tom Aspinalla qarşı döyüşdən yayınaraq divizionun inkişafını ləngidir. Bu səbəbdən azarkeşlər onun titulsuz qalmasını tələb edir.
Petisiya artıq 154 min nəfər tərəfindən imzalanıb. İmzaların coğrafiyası isə olduqca genişdir — dünyanın müxtəlif ölkələrindən olan UFC azarkeşləri bu təşəbbüsə qoşulub.
Consun son döyüşü və mübahisəli mövqe
Qeyd edək ki, Con Cons son dəfə 2024-cü ilin noyabrında Nyu-Yorkda keçirilən UFC 309 turnirində meydana çıxıb. O, həmin gecənin əsas döyüşündə keçmiş çempion Stipe Mioçiçi texniki nokautla məğlub edərək titulunu uğurla qoruyub. Bu, onun ağır çəkidə ilk titul müdafiəsi olub.
Bununla belə, Aspinalla qarşı döyüşün hələ də baş tutmaması azarkeşlərin səbir kasasını daşırıb. Rəqibləri və fanatlar Con Consu aktivlikdən yayınmaqda və divizionun tempini aşağı salmaqda ittiham edirlər.



