Keçmiş Bellator və ONE çempionu, həmçinin UFC-nin tanınmış keçmiş döyüşçüsü Ben Askren 40 yaşında xəstəxanada vəfat edib. Bu barədə UFC döyüşçüsü Kayo Borralyo sosial şəbəkələrdə məlumat verib.
Askren ötən həftə qəfil ağırlaşan sətəlcəm və ona əlavə olunan digər fəsadlar səbəbilə xəstəxanaya yerləşdirilmişdi. Həyat yoldaşı Emy Askrənin sözlərinə görə, o, huşsuz vəziyyətdə idi və heç bir xarici stimulata reaksiya vermirdi. Həkimlərin səylərinə baxmayaraq, bədəni bu ağır xəstəliyə tab gətirə bilmədi.
Ben Askren MMA-dakı karyerasını 2019-cu ildə başa vurmuşdu, lakin o, idman cəmiyyətində fəal və tanınmış şəxs olaraq qalırdı. O, Bellator və ONE çempionluqları ilə yanaşı, 2021-ci ildə Ceyk Pol ilə boks döyüşü və mediada sərt açıqlamaları ilə yadda qalmışdı.
Bununla yanaşı, UFC tarixinin ən sürətli nokautlarından biri də onun adı ilə bağlıdır – 2019-cu ildə Xorxe Masvidal onu cəmi 5 saniyəyə “uçan diz” zərbəsi ilə nokauta salmışdı. Bu hadisə UFC tarixində ən çox müzakirə olunan anlardan biri kimi qalır.
Onun vəziyyəti ağırlaşdıqdan sonra bir çox həmkarı və fanatı sosial şəbəkələrdə Askrənə dəstək ifadə etmişdi. Jurnalist Ariel Helvani onu “mübariz olmağa” çağırmış, məşqçi Pet Mineo isə xəstəliyin stafilokok infeksiyası kimi başlayıb sürətlə yayılan sətəlcəmə çevrildiyini bildirmişdi.
Ben Askren ailəli idi və övladları vardı. Emy Askren qeyd edib ki, ailə uşaqlar üçün gündəlik həyat ritmini qorumağa çalışırdı. Hazırda dəfn və vida mərasimləri ilə bağlı əlavə məlumatlar paylaşılmayıb.