İrlandiyalı MMA döyüşçüsü, keçmiş UFC çempionu Konor Makqreqor, İspaniyanın İbiza adasında yerləşən gecə klubunda insidentin mərkəzində olub. The Sun nəşrinin yaydığı məlumata əsasən, Makqreqor klubun ziyarətçilərindən birinə zərbələr endirib.
Hadisə ilə bağlı görüntülərdə Makqreqorun klubda bir şəxslə söhbət etdiyi görünür. Lakin bir qədər sonra döyüşçü həmin adama ard-arda iki zərbə vurur və kişi yerə yıxılır.
Hadisənin şahidlərindən biri bildirib ki, Makqreqorun aqressivliyinə səbəb olan şəxs özünü ədəbsiz aparır və onu narahat edirdi. Bundan sonra zərərçəkən klubdan uzaqlaşdırılıb.
Konor Makqreqor yüngül və yarımyüngül çəki dərəcələrində UFC çempionu olmuş tanınmış döyüşçüdür. Onun MMA üzrə peşəkar karyerasında 28 döyüş var: 22 qələbə və 6 məğlubiyyət.
Hadisə ilə bağlı Makqreqor və ya onun nümayəndələri hələlik ictimaiyyətə şərh verməyiblər. Hüquq-mühafizə orqanlarının məsələyə müdaxilə edib-etmədiyi barədə də məlumat yoxdur.