Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında uğurlu çıxış edərək bürünc medal qazanıb.
Sport-az.com xəbər verir ki, 1/4 final mərhələsində uduzan olimpiya çempionu təsəlliverici görüşdə İspaniya təmsilçisi Nikoloz Şerazadişvili üzərində qələbə qazanaraq üçüncü yer uğrunda mübarizəyə vəsiqə qazanıb. Son görüşdə isə cənubi koreyalı Kim Seheonu ipponla məğlub edərək podiuma yüksəlib.
Kotsoyevin fikirləri:
“Bürünc medal qazandığım üçün şadam”, – deyə o, yarışdan sonra jurnalistlərə açıqlamasında bildirib.
Cüdoçumuz 1/4 finalda məğlubiyyətinin səbəbini şəxsi səhvləri ilə izah edib: “Macarıstana qızıl medal qazanmaq üçün gəlmişdim. Lakin öz səhvim ucbatından yarımfinala gedən yolda uduzdum. Qarşılaşma zamanı arxayınlıq yarandı. Məğlubiyyətin səbəblərindən biri bu oldu. Çempionatı mükafatsız başa vurmadığım üçün sevinirəm.”
Azərbaycan millisinin çıxışı:
Budapeştdə keçirilən mundialda Azərbaycan 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) ilə təmsil olunur. Komandamız həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq.
Qeyd edək ki, Kotsoyevdən əvvəl Zelim Tçkayev (81 kq) və Elcan Hacıyev (90 kq) də bürünc medal qazanaraq dünya çempionatında Azərbaycan üçün uğurlu nəticələrə imza atıblar.



