Bakıda keçiriləcək UFC gecəsində ulduz qonaq kimi iştirak edəcək ABŞ-lı MMA döyüşçüsü Belal Məhəmməd UFC-nin Azərbaycan paytaxtında təşkilini ölkənin idman həyatı üçün mühüm hadisə adlandırıb. Sport-az.com xəbər verir ki, AZƏRTAC-a açıqlama verən Belal Məhəmməd bunları deyib: “UFC-nin Bakıda təşkili Azərbaycan idmanı üçün tarixi hadisədir.”
“İlk dəfə Bakıya gəlmişəm və hər şeyə valeh olmuşam”
Tanınmış döyüşçü vurğulayıb ki, bu, onun Bakıya ilk səfəridir və şəhər onu öz gözəlliyi ilə heyran edib: “Artıq 2 həftədir buradayam. İnsanlar çox istiqanlı və mehribandırlar. Yeməklərinizi xüsusi qeyd etməliyəm. Çox dadlı yeməkləriniz var.”
Havanın gözəlliyini və təşkilatçılığın yüksək səviyyədə olduğunu da qeyd edən Belal Məhəmməd döyüş gecəsini səbirsizliklə gözlədiyini bildirib: “Şəhərdə hava da çox gözəldir. Hər şey çox yüksək səviyyədədir.”
Camaal Hilli dəstəkləyəcək
MMA döyüşçüsü UFC gecəsinin əsas qarşılaşmasında Camaal Hilli dəstəkləyəcəyini deyib: “O da mənim kimi Çikaqo şəhərindəndir. Çox yaxşı döyüşçüdür. İnanıram ki, maraqlı mübarizə gedəcək.”
UFC gecəsi iyunun 21-də Bakı Kristal Zalında keçiriləcək. Gecənin əsas döyüşündə ABŞ təmsilçiləri Camaal Hill və Xalil Rauntri üz-üzə gələcək.



