Qazaxıstanın paytaxtı Astanada keçirilən boks üzrə Dünya Kubokunda Azərbaycan millisi uğurlu çıxışını davam etdirir. Yarışın 1/4 final mərhələsində daha iki idmançımız qələbə qazanaraq yarımfinala yüksəlib.
Qələbə qazanan boksçular:
- Məhəmmədəli Qasımzadə (60 kq) Dominikan Respublikasından olan Yohan Aquera ilə qarşılaşıb və bütün hakimlərin yekdil qərarı ilə (5:0 — 30:27, 30:27, 30:27, 30:27, 30:27) qalib gəlib. O, yarımfinalda braziliyalı Luis Qabriel do Naskimento ilə üz-üzə gələcək.
- Məhəmməd Abdullayev (+90 kq) isə Cənubi Koreya təmsilçisi Taeunq Yu üzərində 5:0 hesablı (29:26, 29:26, 29:26, 29:25, 29:26) qələbə qazanıb. Növbəti rəqibi qazaxıstanlı Albek Oralbay olacaq.
Sübhan Məmmədov (50 kq) artıq 1/2 finala adlayıb. O, qazaxıstanlı Sanjar Taşkenbay ilə qarşılaşacaq Yarımfinal döyüşləri iyulun 5-də baş tutacaq. Qeyd edək ki, bu mərhələyə yüksəlməklə idmançılar ən azı bürünc medalı təmin ediblər.



