2026-cı il Olimpiya Oyunlarının medalları təqdim olundu

15 iyul, çərşənbə axşamı günü İtaliyanın Milan və Kortina şəhərlərində keçiriləcək 2026 Qış Olimpiya və Paralimpiya Oyunlarının medalları rəsmi olaraq təqdim edildi. Təqdimat mərasimi Venesiyada baş tutub. Tədbir haqqında Olympics.com mətbuat xidməti məlumat yayıb.

Medallar İtaliya dizaynının və qələbə ruhunun simvolu olaraq təqdim olunub və bu ideya “italyan ruhu” ilə birləşdirilib.

Medalları əfsanəvi italyan idmançıları — ikiqat Olimpiya medalçısı və ölkənin ən uğurlu qadın üzgüçüsü Federika Pelleqrini, həmçinin 13 yay və qış Paralimpiadasında iştirak edərək 15 medal qazanan Françeska Porçellato müşayiət edib. Onlar medalları Venesiya sularında qayıqla mərasimə gətiriblər.

Ekoloji və estetik həllər bir arada

Medallar İtaliya Dövlət Zərbxanası və Mətbəəsi (IPZS) tərəfindən hazırlanacaq. İstehsalda öz istehsalat tullantılarından əldə olunan təkrar metal, yalnız bərpa olunan enerji ilə işləyən induksiya sobası, həmçinin FSC sertifikatlı materiallardan hazırlanmış, minimal plastikdən istifadə edən qablaşdırma istifadə olunacaq.

IPZS prezidenti Paolo Perrone bildirib: “Olimpiya və Paralimpiya oyunları üçün hazırladığımız bu medallar italyan dizaynının ustalığını və mükəmməlliyini təcəssüm etdirir. Hər biri özünəməxsus və innovativ sənət əsəridir.”

Tarixdə ən çox medal veriləcək Qış Oyunları

Milan və Kortinada keçiriləcək Olimpiya Oyunları 6 fevralda başlayacaq və tarixdə ilk dəfə olaraq 116 medal yarışına ev sahibliyi edəcək. İlk medallar 7 fevralda kişilər arasında dağ xizəyi və qadınlar arasında 20 km skiatlon yarışlarında təqdim ediləcək.

Paralimpiya Oyunları isə 6 mart – 15 mart tarixlərində baş tutacaq və burada 79 medal kateqoriyası üzrə mübarizə gedəcək. İlk mükafatlar paralimpiya dağ xizəyi və biatlon yarışlarında təqdim olunacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni