Qadın güləşi üzrə Olimpiya çempionu və səkkizqat dünya çempionu olan yaponiyalı idmançı Hitomi Obara 44 yaşında vəfat edib. Bu barədə Sport-az.com United World Wrestling təşkilatına istinadən məlumat yayıb.
Obaranın ölüm səbəbi açıqlanmayıb. O, hazırda Yaponiya milli komandasının məşqçisi vəzifəsində çalışırdı. İki övladı qalıb.
İdman karyerası dövründə Obara 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında 48 kq çəki dərəcəsində qızıl medal qazanıb. Bu çəki dərəcəsində iki dəfə dünya çempionu tituluna da yiyələnmişdi. Daha altı qızıl medalı isə 51 kq-da dünya çempionatlarında əldə etmişdi.
Nikkan Sports yazır ki, idmançı karyerası zamanı depressiya və bulimiya ilə mübarizə aparıb. İdmandan ayrıldıqdan sonra o, Yaponiya millisinin Tokyo-2020 Olimpiya Oyunlarına hazırlığında iştirak edib. 2022-ci ildə Obara beynəlxalq güləş federasiyası United World Wrestling tərəfindən Şöhrət Zalına daxil edilib.



