Azərbaycan güləşçisi Osman Nurmaqomedov (92 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında bürünc medal əldə edib.
Sport-az.com-un məlumatına görə, yarışın üçüncü günündə idmançımız medal uğrunda görüşdə gürcüstanlı Miriani Maysuradze ilə qarşılaşıb. Rəqibinə qarşı inamlı çıxış edən Nurmaqomedov 5:1 hesabı ilə qələbə qazanaraq dünya üçüncüsü olub. Bu nailiyyət onun bu cür yarışlarda dördüncü medalıdır.
Digər güləşçimiz Cəbrayıl Hacıyev (79 kq) təsəlliverici görüşdə yaponiyalı Ryunosuke Kamiyaya 5:3 hesabı ilə qalib gəlib. Lakin debütant bürünc medal uğrunda qarşılaşmada iranlı Mohammad Noxodilarimiyə 2:4 hesabı ilə uduzaraq mundialı 5-ci yerdə başa vurub.
Beləliklə, Azərbaycanın milli komandası cari dünya çempionatında artıq 4 medal qazanıb.



