Bakıda Dünya Kubokunda tarixi nəticə: dünya rekordu təkrarlandı

Bakı Su İdmanı Sarayında keçirilən üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü rekordlarla yadda qalıb. Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən turnirin final seansında 10 kateqoriya üzrə qaliblər müəyyənləşib.

Günün əsas qəhrəmanı rusiyalı üzgüçü Yeqor Kornev olub. O, 25 metrlik hovuzda 100 metr sərbəst üsulla yarışda 44,84 saniyə nəticə göstərərək avstraliyalı Kayl Çalmersin 2021-ci ildən sahib olduğu dünya rekordunu təkrarlayıb.

Kornev bundan əvvəl 50 metr arxasıüstə üzmədə 22,23 saniyə nəticə ilə Dünya Kubokunun yeni rekordunu müəyyənləşdirib. Əvvəlki rekord 2024-cü ildə İsaak Kuper tərəfindən qeydə alınmış 22,58 saniyə idi.

Azərbaycan təmsilçisi Fatimə Alkərəmova isə 400 metr qarışıq üsulla üzmənin finalında mübarizə apararaq 7-ci yeri tutub.

İkinci günün final nəticələri

Kişilər

  • 50 m arxasıüstə — 1. Yeqor Kornev, 2. Pavel Samusenko, 3. Piter Kutsi
  • 200 m qarışıq — 1. Luk Barr, 2. Alberto Rassetti, 3. Finley Noks
  • 50 m brass — 1. Hayyanq Çin, 2. Maykl Huli, 3. Kirill Priqoda
  • 100 m sərbəst — 1. Yeqor Kornev, 2. Kemeron Makevoy, 3. Vasili Kukuşkin
  • 200 m kəpənək — 1. Cuner Çen, 2. So Oqata, 3. Alberto Rassetti

Qadınlar

  • 400 m qarışıq — 1. Yitinq Yu, 2. Ebi Vud, 3. Mohan Çanq
  • 200 m sərbəst — 1. Şivon Hohey, 2. Anna Peplovski, 3. Yaqi Fan
  • 100 m arxasıüstə — 1. Marit Stenberxen, 2. Teylor Rak, 3. Anna Peplovski
  • 50 m kəpənək — 1. Ros Vanotterdayk, 2. Sara Yunevik, 3. Arina Surkova
  • 100 m brass — 1. Mona Makşeri, 2. Yevgeniya Çikunova, 3. Eymi Kenni

Dünya Kubokunun Bakı mərhələsi 1-3 oktyabr tarixlərində keçirilir. Yarışda 44 ölkədən 216 idmançı iştirak edir. Bakı 2026-cı il Dünya Kubokunun üç mərhələdən ibarət “Silk Road Tour” seriyasının ilk dayanacağıdır.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni