“Əl-Əhli” Osimhen üçün 130 milyon avro təklif etdi, “Qalatasaray” geri çəkilmədi

Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu “Qalatasaray”ın ulduz hücumçusu Viktor Osimheni transfer etmək üçün rekord məbləğdə təklif hazırlayıb. Almaniyalı jurnalist Florian Plettenberqin yaydığı məlumata görə, Səudiyyə təmsilçisi Nigeriya millisinin forvardı üçün İstanbul klubuna 130 milyon avro (təxminən 252,2 milyon manat) ödəməyə hazır olduğunu bildirib. Bununla belə, Türkiyə çempionu futbolçunu satmaq niyyətində olmadığını açıq şəkildə nümayiş etdirib.

“Qalatasaray” rəhbərliyi bu təklifə baxmayaraq, transfer danışıqlarına başlamaqdan imtina edib. Klubun mövqeyi ondan ibarətdir ki, Osimhen yeni mövsüm üçün komandanın əsas fiqurlarından biridir və onun satışı hazırkı planlara daxil deyil. Məlumata görə, müraciət hələ rəsmi təklif mərhələsinə keçmədən rədd edilib.

Türkiyə rekordçusu yenidən transfer bazarının gündəmində

Viktor Osimhen 2025-ci ilin yayında “Napoli”dən 75 milyon avro qarşılığında “Qalatasaray”a keçərək Türkiyə futbolu tarixinin ən bahalı transferinə imza atmışdı. Klubla imzalanan dörd illik müqavilə və ödənilən transfer məbləği bu keçidi ölkə futbolunda yeni rekord kimi tarixə salmışdı.

27 yaşlı hücumçuya Səudiyyə Ərəbistanı klublarının marağı yeni deyil. Hələ 2024-cü ildə “Əl-Əhli” onu “Napoli”dən transfer etməyə çalışsa da, tərəflər razılığa gələ bilməmişdi. Hazırda isə Osimhen yenidən transfer bazarının ən çox diqqət çəkən futbolçularından biri olaraq qalır və Avropa ilə yanaşı, Yaxın Şərq klublarının da maraq dairəsindədir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni