İkiqat dünya çempionu Fernando Alonso 2026-cı il mövsümünün sonunda “Formula-1”dən ayrılaraq karyerasını Dünya Dözümlülük Çempionatında (WEC) davam etdirmək variantını nəzərdən keçirir. 45 yaşlı ispaniyalının “Aston Martin”lə hazırkı müqaviləsi mövsümün sonunda başa çatır və o, 2027-ci illə bağlı yekun qərarını hələ açıqlamayıb.
Alonso sentyabrda WEC-də “Aston Martin” proqramına qoşulmağın mümkün variantlardan biri olduğunu təsdiqləyib. Bununla belə, ispaniyalı “Formula-1”də qalmaq ehtimalını da açıq saxlayır. Onun qərarında 2027-ci ildə qüvvəyə minəcək dəyişikliklər və “Aston Martin”in inkişaf istiqaməti rol oynaya bilər.
Alonso WEC-də artıq dünya çempionu olub
Dözümlülük yarışları Alonso üçün yeni istiqamət deyil. O, “Toyota” ilə 2018/2019 mövsümündə WEC dünya çempionu adını qazanıb. İspaniyalı pilot həmçinin dünyanın ən məşhur dözümlülük yarışlarından biri olan “Le Manın 24 saatı”nda 2018 və 2019-cu illərdə ardıcıl iki dəfə qalib gəlib.
Alonso “Formula-1”dən ayrılarsa, WEC-də də “Aston Martin”lə əməkdaşlığı davam etdirə bilər. Britaniya istehsalçısı hazırda çempionatın əsas Hypercar kateqoriyasında Valkyrie ilə mübarizə aparır. 2026-cı ildə avtomobilin nəticələrində irəliləyiş müşahidə olunub və komanda bir neçə yarışda yüksək yerlər uğrunda mübarizə aparıb.
Hazırda isə Alonso üçün həm “Formula-1”də daha bir mövsüm keçirmək, həm də “Aston Martin”in WEC layihəsinə qoşulmaq variantları gündəmdə qalır.





