Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd bin Sulayem Formula 1-də 2026-cı il texniki reqlamenti ilə bağlı səhvlərin olduğunu etiraf edib. O, eyni zamanda gələcəkdə çempionatın V8 mühərriklərinə qayıda biləcəyini bildirib. Bu barədə Nextgen-Auto nəşri məlumat yayıb.
Bin Sulayemin açıqlaması Belçika Qran-prisindən sonra sürücülərin 2026-cı il reqlamentini kəskin tənqid etməsinin ardınca gəlib. Xüsusilə Karlos Sayns və Lyuis Hemilton Spa-Frankorşam trasında enerji idarəetməsi ilə bağlı problemlərin daha qabarıq şəkildə üzə çıxdığını bildirərək qaydaların necə təsdiqləndiyini sual altına alıblar.
“Biz də səhv edə bilərik”
FIA prezidenti təşkilatın da səhvlər buraxa biləcəyini gizlətməyib.
“Biz də səhv edirik. Qaydalarda boşluqlar ola bilər. Belə hallarda məsuliyyəti öz üzərimizə götürür və problemləri aradan qaldırırıq”, – deyə bin Sulayem bildirib.
Onun sözlərinə görə, mövsümün əvvəlində yarışlarda rəqabət kifayət qədər yüksək olmasa da, sonradan vəziyyət yaxşılaşıb. FIA bütün texniki məlumatları və komandaların iradlarını təhlil edib. Bununla belə, qaydalara dəyişiklik birtərəfli qaydada edilə bilməz. Bunun üçün mühərrik istehsalçılarının və komandaların razılığı tələb olunur. Bin Sulayem qeyd edib ki, dəyişikliklərin qəbul edilməsi üçün altı istehsalçıdan ən azı dördünün dəstəyi lazımdır.
V8 mühərrikləri yenidən gündəmə gəlib
FIA rəhbərinin sözlərinə görə, Formula 1-in 2031-ci ildən sonrakı mühərrik konsepsiyası artıq müzakirə olunur və əsas variantlardan biri V8 mühərriklərinə qayıdışdır.
“V8 mühərriklərinə qayıtmaq istəyiriksə, əvvəlcə məqsədimizin nə olduğunu müəyyənləşdirməliyik. Formula 1-ə həm azarkeşlərin gözləntilərinə, həm də müasir tələblərə cavab verən yeni mühərrik lazımdır. Mühərrikin səsi vacibdir, eyni zamanda sadə konstruksiya və istehsal xərclərinin azaldılması da prioritet olmalıdır”, – deyə o vurğulayıb.
Bin Sulayem əlavə edib ki, 100 faiz dayanıqlı yanacaqla işləyən V8 mühərrikləri də nəzərdən keçirilir. Hazırda bu məsələ ilə bağlı komandalar, mühərrik istehsalçıları və sürücülərlə məsləhətləşmələr davam edir. FIA rəhbərinin fikrincə, gələcək texniki reqlament həm idmanın rəqabət qabiliyyətini, həm də Formula 1-in uzunmüddətli inkişafını təmin etməlidir.




