Formula 1 üzrə Las-Veqas Qran-prisi gərgin mübarizə, çoxsaylı ötmələr və gözlənilməz hadisələrlə yadda qalıb. ABŞ-də keçirilən yarışın qalibi “Red Bull” pilotu Maks Ferstappen olub. “McLaren” sürücüləri Lando Norris və Oskar Piastri isə finiş xəttini müvafiq olaraq ikinci və üçüncü yerlərdə keçiblər.
Yarışın ilk dövrələrindən etibarən liderlik uğrunda ciddi rəqabət yaşanıb. Ferstappen və “Mercedes” pilotu Corc Rassell dəfələrlə bir-birini ötərək birinci pilləni ələ keçirməyə çalışıblar.
Mübarizəyə İsak Hacar, Andrea Kimi Antonelli, Pyer Qasli, Lando Norris və Oskar Piastri də qoşulublar. Boliddərin sürətlənmə imkanları pilotların rəqiblərindən uzaqlaşmasını çətinləşdirib. Nəticədə ilk on dövrədə ötənilki Las-Veqas yarışının bütün gedişində olduğundan daha çox ötmə qeydə alınıb.

Ferrari pilotlarının toqquşması və Rassellin səhvi
Gərgin mübarizəyə baxmayaraq, yarışın böyük hissəsində ciddi insident baş verməyib. Lakin finişə 12 dövrə qalmış “Ferrari” komandasının pilotları Şarl Lekler və Lyuis Hemilton bir-biri ilə toqquşublar.
Hər iki sürücü mübarizəni davam etdirə bilib. Bununla belə, hakimlər insidentə görə Leklerə 10 saniyəlik cərimə tətbiq ediblər.
Yarışın sonlarına yaxın liderlik uğrunda mübarizə aparan Corc Rassell də səhvə yol verərək trasdan çıxıb. Bu hadisə onun qələbə şanslarını aradan qaldırıb.
Yaranmış vəziyyətdən Ferstappen maksimum yararlanıb və Las-Veqas Qran-prisini birinci pillədə tamamlayıb. Norris və Piastrinin podiuma yüksəlməsi isə yarışın diqqətçəkən nəticələrindən biri olub.
Las-Veqas Qran-prisindən sonra Formula 1-də turnir cədvəli
Las-Veqasdakı qələbə Maks Ferstappenin dünya çempionatında ikinci pillədəki mövqeyini möhkəmləndirib. Niderlandlı pilot xal ehtiyatını 304-ə çatdırıb və üçüncü yerdə qərarlaşan Lyuis Hemiltonu 37 xal qabaqlayır.
2026-cı ilin dünya çempionluğunu artıq təmin etmiş Andrea Kimi Antonelli isə 402 xalla liderliyini davam etdirir. “Mercedes” pilotu Las-Veqasda dördüncü yeri tutub.
Pilotların şəxsi hesabında ilk onluq:
Andrea Kimi Antonelli (Mercedes) – 402 xal
Maks Ferstappen (Red Bull) – 304 xal
Lyuis Hemilton (Ferrari) – 267 xal
Corc Rassell (Mercedes) – 264 xal
Lando Norris (McLaren) – 264 xal
Şarl Lekler (Ferrari) – 250 xal
Oskar Piastri (McLaren) – 167 xal
İsak Hacar (Red Bull) – 122 xal
Liam Louson (Racing Bulls) – 89 xal
Pyer Qasli (Alpine) – 52 xal
Hemiltonun üçüncü pilləyə yüksəlməsi, Rassell və Norrisin isə eyni xala malik olması mövsümün son yarışları öncəsi mübarizəni daha da gərginləşdirib.
Konstruktorlar kubokunda vəziyyət:
Mercedes – 666 xal
Ferrari – 517 xal
Red Bull – 440 xal
McLaren – 431 xal
Racing Bulls – 114 xal
Alpine – 87 xal
Haas – 31 xal
Audi – 28 xal
Williams – 16 xal
Aston Martin – 7 xal
Cadillac – 0 xal
Komandalar arasında “Mercedes” artıq çempionluğu təmin edib. “Ferrari” ikinci pillədə qərarlaşıb, “Red Bull” isə üçüncü yer uğrunda mübarizədə “McLaren”i cəmi 9 xal qabaqlayır.
Formula 1 üzrə 2026-cı il mövsümünün başa çatmasına iki mərhələ qalıb. Növbəti yarış noyabrın 29-da Qətərdə, mövsümün final Qran-prisi isə dekabrın 6-da Əbu-Dabidə keçiriləcək.





