Fransa futbolunun ən tanınmış klublarından biri olan “Bordo”da sahiblik dəyişikliyi ilə bağlı mühüm addım atılıb. Klubun hazırkı sahibi Jerar Lopes “Bordo”nun “Park Bench” investisiya fonduna simvolik 1 avroya satılması barədə müqavilə imzalayıb.
Klubun rəsmi açıqlamasına görə, sövdələşmənin belə aşağı qiymətə həyata keçirilməsi “Bordo”nun böyük maliyyə öhdəlikləri ilə bağlıdır. Yeni investor klubun borclarının bir hissəsini üzərinə götürəcək.
“Əməliyyat borcların üzərinə götürülməsi şərti ilə simvolik bir avroya bağlanıb. Bu müqavilənin imzalanması klubun gələcəyi üçün mühüm mərhələdir”, – deyə açıqlamada bildirilib.
Bununla belə, müqavilənin imzalanması satış prosesinin tam başa çatması demək deyil. Yeni investorun layihəsi və klubun büdcəsi müvafiq regional maliyyə nəzarəti qurumu tərəfindən təsdiqlənməlidir.
Yeni investor milyonlarla avro xərcləməli olacaq
“Bordo”nun satış qiyməti cəmi 1 avro olsa da, yeni sahibin üzərinə düşən real maliyyə yükü bundan qat-qat böyükdür. “Park Bench”in klubun vəziyyətini sabitləşdirmək üçün təxminən 18 milyon avro vəsait cəlb etməsi nəzərdə tutulur.
Mövcud plana əsasən, klubun borclarının yenidən strukturlaşdırılması da planlaşdırılır. Maliyyə öhdəliklərinin təxminən 26 milyon avrodan 13 milyon avroya endirilməsi, ödəniş müddətinin isə 10 ildən 12 ilə uzadılması nəzərdə tutulur.
Jerar Lopes də “Bordo”ya qarşı maliyyə tələblərinin bir hissəsindən imtina etməyə razılıq verib. Bütün bu addımlar son illərdə ciddi maliyyə böhranı yaşayan klubun fəaliyyətini davam etdirməsi üçün atılır.
“Bordo” 2024-cü ildə peşəkar statusunu itirib. Maliyyə problemləri sonrakı dövrdə də davam edib və klub 2026-cı ildə milli səviyyəli çempionatlardan kənarlaşdırıldıqdan sonra Fransanın altıncı səviyyəsi hesab edilən Regional 1-ə qədər geriləyib.
Bütün problemlərə baxmayaraq, “Bordo” Fransa futbolunun ən titullu tarixi klublarından biridir. Komanda 6 dəfə Fransa çempionu, 4 dəfə Fransa Kubokunun qalibi olub. Klub sonuncu çempionluğunu 2008/09 mövsümündə qazanıb, 2009/10 mövsümündə isə UEFA Çempionlar Liqasının 1/4 finalına qədər irəliləyib.





