“Arsenal” baş məşqçisi Mikel Artetanın klubdakı gələcəyi ilə bağlı mühüm qərar verib. İspaniyalı mütəxəssis London təmsilçisi ilə yeni müqavilənin şərtləri üzrə razılığa gəlib. Tərəflər arasında danışıqlar bir neçə aydır davam edirdi.
Artetanın hazırkı müqaviləsi 2026/27 mövsümünün sonunda başa çatır. 44 yaşlı mütəxəssis daha əvvəl də “Arsenal”da qalmaq istədiyini açıq şəkildə bildirmiş, müqavilə məsələsinin problem yaratmayacağını vurğulamışdı.
Yeni sözləşmənin dəqiq müddəti hələ açıqlanmayıb. Bununla belə, razılaşmanın Artetaya “Arsenal”dakı fəaliyyətini ən azı 10-cu ilinə qədər davam etdirmək imkanı verəcəyi gözlənilir. O, 2019-cu ilin dekabrından London klubuna rəhbərlik edir.
Yeni müqavilə ilə baş məşqçinin qazancında da ciddi artım nəzərdə tutulur. Artetanın hazırkı illik maaşı təxminən 10 milyon funt-sterlinqdir, müəyyən bonuslarla isə gəliri 15 milyon funta qədər yüksələ bilir. Yeni şərtlərin onu dünyanın ən yüksək maaş alan futbol məşqçilərindən birinə çevirəcəyi bildirilir.
Artetanın rəhbərliyi altında “Arsenal” ötən mövsüm 22 illik fasilədən sonra İngiltərə Premyer Liqasının çempionu olub. Bundan əvvəl komanda ardıcıl üç mövsümü ikinci pillədə tamamlamışdı. İspaniyalı məşqçi London klubunda həmçinin İngiltərə Kubokunu qazanıb.





