“LANDAU Lions” Çempionlar Liqasında mübarizəyə başlayır

Azərbaycanın “LANDAU Lions” basketbol klubu bu gün FIBA Çempionlar Liqasının 2026/2027 mövsümündə ilk oyununa çıxacaq. Təmsilçimiz Bolqarıstanda təşkil olunan təsnifat turnirində Latviyanın “VEF Riqa” komandası ilə qarşılaşacaq.

Görüş Samokov şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 15:15-də başlayacaq. “LANDAU Lions” üçün bu qarşılaşma avrokuboklarda yeni mövsümün ilk rəsmi sınağı olacaq.

Rəqib “VEF Riqa” Latviya basketbolunun aparıcı klublarından biridir. Riqa təmsilçisi yeni mövsüm öncəsi dörd yoxlama oyunu keçirib, onların üçündə qalib gəlib. Komanda yalnız son sınaq matçında Vilnüsün “Rytas” klubuna 78:86 hesabı ilə məğlub olub.

Qələbə “LANDAU Lions”u növbəti mərhələyə çıxaracaq

“LANDAU Lions” – “VEF Riqa” duelinin qalibi növbəti raundda Çexiyanın “Opava” və Polşanın “Dziki Varşava” klubları arasındakı qarşılaşmanın güclüsü ilə üz-üzə gələcək.

Təsnifat turniri pley-off prinsipi ilə keçirilir. “LANDAU Lions” əsas mərhələyə vəsiqə qazanmaq üçün ardıcıl dörd qarşılaşmada qalib gəlməlidir. Komandanın yer aldığı təsnifat turnirinin qalibi Çempionlar Liqasının əsas mərhələsində F qrupuna düşəcək. Burada “Hapoel Holon”, “Cholet Basket” və “Spartak Office Shoes” artıq yer alıb.

Azərbaycan təmsilçisi Çempionlar Liqasının təsnifatından keçə bilməsə, Avropa mövsümü onun üçün başa çatmayacaq. Belə halda “LANDAU Lions” FIBA Avropa Kubokunun G qrupunda mübarizəni davam etdirəcək.

“LANDAU Lions”dan fərqli olaraq, Azərbaycanın digər klubu “Sabah” FIBA Çempionlar Liqasının əsas mərhələsində birbaşa iştirak edəcək.

FIBA Çempionlar Liqasının təsnifat turnirləri sentyabrın 14-dən 20-dək Samokovda keçiriləcək. Yarışın əsas mərhələsi isə oktyabrın 6-da start götürəcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni