İyunun 3-də boks tarixinin ən böyük simalarından biri olan Məhəmməd Əlinin vəfatından 10 il ötür. O, təkcə ağır çəki üzrə dünya çempionu deyil, həm də milyonlarla insan üçün cəsarət, xarizma və mübarizə rəmzi idi. Lakin rinqdə qazandığı saysız-hesabsız qələbələr onun sağlamlığına ağır bədəl bahasına başa gəldi.
Məhəmməd Əli uzun illər Parkinson sindromu ilə mübarizə aparıb. Rəsmi olaraq ölümünə səbəb septik şok göstərilsə də, xəstəlik onun orqanizmini illər ərzində zəiflədərək son nəticədə həyatdan köçməsində mühüm rol oynayıb.
“Maniladakı triller” və dönüş nöqtəsi
Əlinin xəstəliyinin səbəbləri ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bir qrup mütəxəssis hesab edir ki, illərlə aldığı zərbələr və baş nahiyəsində yaranan mikrotravmalar Parkinson sindromunun inkişafını sürətləndirib.
Bu kontekstdə ən çox xatırlanan döyüş 1975-ci ildə Co Freyzerlə keçirilən məşhur “Maniladakı triller”dir. Filippində keçirilən həmin qarşılaşma boks tarixinin ən ağır döyüşlərindən biri sayılır. Həddindən artıq isti və rütubətli şəraitdə baş tutan görüşdə hər iki boksçu böyük fiziki zərər gördü.
Döyüşün sonunda Freyzerin komandası onu 15-ci raunda buraxmadı və Əli qalib elan olundu. Sonradan əfsanəvi çempion həmin gecə haqqında belə demişdi:
“Ölümə heç vaxt o qədər yaxın olmamışdım”.
Bir çox mütəxəssis məhz bu qarşılaşmanın onun sağlamlığına ciddi təsir göstərdiyini düşünür.
Böyük çempionun son döyüşləri
Əli həmin ağır sınaqdan sonra da karyerasını davam etdirdi. 1977-ci ildə Erni Şeyverslə keçirdiyi görüş isə xüsusilə yadda qaldı. Tarixin ən güclü zərbə ustalarından biri hesab olunan Şeyvers qarşılaşma boyu çempiona çoxsaylı ağır zərbələr endirmişdi.
Sonrakı illərdə Leon Spinkslə iki dəfə üz-üzə gələn Əli əvvəlcə məğlub oldu, daha sonra revanşda qalib gələrək üçüncü dəfə dünya çempionu adına sahib çıxdı. Bu nəticə onu ağır çəkidə üçqat dünya çempionu olan ilk boksçuya çevirdi.
Lakin maliyyə problemləri səbəbindən o, yenidən rinqə qayıtdı və 1980-ci ildə Larri Holmsla döyüşdü. Həmin vaxt artıq onun refleksləri və sürəti əvvəlki səviyyədə deyildi. Görüş Məhəmməd Əlinin peşəkar karyerasındakı ilk vaxtından əvvəl məğlubiyyəti ilə nəticələndi.
1984-cü ildə həkimlər ona Parkinson sindromu diaqnozu qoydular. Buna baxmayaraq, Əli həyatının sonuna qədər ictimai fəaliyyətini davam etdirdi və milyonlarla insan üçün ilham mənbəyi olaraq qaldı.
1996-cı il Atlanta Olimpiadasında onun Olimpiya məşəlini alovlandırdığı an isə idman tarixinin ən unudulmaz səhnələrindən biri hesab olunur.
Məhəmməd Əli bu gün də yalnız qazandığı titullarla deyil, göstərdiyi iradə, xarakteri və boksun inkişafına verdiyi töhfələrlə xatırlanır. Onun həyatı böyük zəfərlərlə yanaşı, vaxtında dayanmağın nə qədər vacib olduğunu göstərən təsirli bir hekayədir.




