İtalyan Texnoloji İnstitutunun (IIT) alimləri maraqlı bir kəşf ediblər: qaçış zamanı insanlar zaman intervalını realdan daha uzun qavrayırlar. Bu “zaman uzanması” effekti fiziki yorğunluqdan deyil, beynin hərəkəti dəqiq idarə etmək üçün sərf etdiyi zehni enerji ilə bağlıdır.
Tədqiqatın nəticələri 2025-ci ilin iyulunda Scientific Reports elmi jurnalında dərc olunub. Layihənin rəhbəri Tommaso Bartolini və komandası (Genuya, Trento və Florensiya universitetlərindən həmkarlarla birlikdə) sübut ediblər ki, zaman təhrifi ürək döyüntüsünün artmasından və ya bədən temperaturunun qalxmasından asılı deyil – əsas səbəb kognitiv yüklənmədir.
İnsan beyni gündəlik həyatda zamanı dəqiq ölçmür, bu qavrayış emosiyalar, diqqət və hərəkətlərlə asanlıqla dəyişə bilir. Əvvəlki araşdırmalar fiziki aktivliyin (qaçış, velosiped sürmə və s.) zaman hissini uzatdığını göstərsə də, bunun fizioloji, yoxsa zehni səbəbdən olduğu bəlli deyildi.
Eksperiment necə keçirilib?
Alimlər 22 nəfər sağlam gənc könüllünü dörd fərqli şəraitdə sınaqdan keçiriblər:
- Sadəcə ayaq üstə dayanmaq;
- Trenajorda yüksək intensivliklə (ürək döyüntüsünün 80%-i) qaçmaq;
- Geri yerimək (mürəkkəb motor nəzarət tələb edir, amma fiziki yük azdır);
- Ayaq üstə dayanaraq əlavə vizual yaddaş tapşırığı yerinə yetirmək (saf kognitiv yük).
Hər mərhələdə iştirakçılardan əvvəlcə 2 saniyəlik vizual siqnalı yadda saxlamaq, sonra oxşar siqnalların müddətini müqayisə etmək tələb olunurdu. Ürək döyüntüləri daim izlənilirdi.
Nəticələr nə göstərdi?
Ən böyük zaman uzanması qaçış zamanı qeydə alınıb: 1,8 saniyəlik interval orta hesabla 2 saniyə kimi qavranılırdı – yəni təxminən 9% artıq. Geri yerimə və ikili tapşırıq zamanı bu fərq 7% civarındadır. Ən əsası, ürək döyüntüsünün artması bu effekti gücləndirmirdi – deməli, səbəb fiziki deyil, beynin hərəkəti idarə etmək və ətrafa nəzarət etmək üçün ayırdığı diqqətdir.
Bartolini qeyd edir: “Nəticələr göstərir ki, fiziki aktivlik zamanı zaman təhriflərini fizioloji dəyişikliklərlə izah etmək yanlış ola bilər. Hərəkətin mürəkkəb idarəsi beynə əlavə yük yaradır və bu, zamanın daha uzun hiss olunmasına səbəb olur”.
Bu kəşf idmançılara, psixoloqlara və nevroloqlara yeni baxış açısı verir – məsələn, intensiv məşqlər zamanı qərar qəbul etmə sürəti də bu səbəbdən dəyişə bilər.



