Norris Macarıstan Qran-prisini qazandı, Antonelli liderliyini möhkəmləndirdi

Formula 1 üzrə dünya çempionatının Macarıstan Qran-prisi dramatik hadisələrlə yadda qalıb. “McLaren” pilotu Lando Norris finiş xəttini birinci keçərək 2026 mövsümündə ilk qələbəsini qazanıb. Britaniyalı sürücüdən sonra “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen ikinci, “Mercedes”i təmsil edən Andrea Kimi Antonelli isə üçüncü olub.

Poul mövqeyindən yarışa başlayan Norris ilk dövrədə komanda yoldaşı Oskar Piastriyə liderliyi verib. Bundan sonra “McLaren” daxilində strategiya ilə bağlı gərgin mübarizə başlayıb. Piastri pit-stopa daha tez daxil olsa da, Norris trasda qalaraq yüksək temp nümayiş etdirib. Avstraliyalı pilot tıxacın içərisinə qayıtdığı üçün vaxt itirib, Norris isə növbəti pit-stopdan sonra liderliyini qoruyub.

Piastrinin qəzası yarışın gedişini dəyişdi

Yarışın əsas dönüş nöqtəsi Piastrinin dövrəvi geridə qalan Karlos Saynsı keçməyə çalışarkən onun bolidi ilə təmas etməsi olub. Hadisəyə görə Saynsa beş saniyəlik cəza verilib. Lakin toqquşma Piastrinin vaxt itirməsinə və qələbə şansının ciddi şəkildə azalmasına səbəb olub.

Bir müddət sonra Piastri sürətlər qutusunda yaranan problemə görə bolidini trasın kənarında saxlayıb və mübarizəni vaxtından əvvəl başa vurub. Onun dayanması virtual təhlükəsizlik avtomobili rejiminin tətbiqinə səbəb olub. Ferstappen və Antonelli trasda qalaraq bu vəziyyətdən yararlanıb və podium mövqelərini qoruyublar.

Corc Rassell də yarışın startında ciddi problem yaşayıb. “Mercedes” pilotunun bolidində anti-stall sisteminin işə düşməsi onun son sıralara geriləməsinə səbəb olub. Buna baxmayaraq, britaniyalı sürücü güclü geri dönüş edərək yarışı yeddinci pillədə tamamlayıb.

“Racing Bulls” komandası iki bolidlə xal zonasına düşüb. Liam Louson səkkizinci, Arvid Lindblad isə onuncu olub. “Audi”nin almaniyalı pilotu Niko Hülkenberq doqquzuncu yeri tutaraq komandasına xal qazandırıb.

Norris Macarıstan Qran-prisini qazandı, Antonelli liderliyini möhkəmləndirdi

Pilotların yarışdan sonrakı açıqlamaları

Lando Norris qələbədən sonra avtomobilin sürətindən razı qaldığını bildirib:

“Bu, sürət baxımından keçirdiyim ən yaxşı yarışlardan biri idi. Avtomobili idarə etmək çox xoş idi və özümü olduqca inamlı hiss edirdim. Yenidən qələbəyə qayıtdığım və bir nömrəni gördüyüm üçün xoşbəxtəm”.

Maks Ferstappen podiuma yüksələcəyini gözləmədiyini etiraf edib:

“Bu gün podiumda olacağımı gözləmirdim. Bunun üçün çox çalışdıq. Fürsəti gördüm və istifadə etdim. Bu, mənim yeganə şansım idi. Əyləcləmədə güclü olduğumuz üçün ötməni həyata keçirə bildim və hər şey nəzarət altında idi”.

Çempionatın lideri Antonelli isə yarışın çətin keçdiyini deyib:

“Ötmə etmək çox çətin idi, buna görə strategiya ilə fərqli bir addım atmalı olduq. Əvvəlcə bir pit-stopla yarışı başa vurmağa çalışdıq, lakin komanda təkərlərin həddindən artıq aşındığını bildirdi və dayanmalı olduq”.

İtaliyalı pilot əlavə edib:

“Virtual təhlükəsizlik avtomobili zamanı hər iki ‘Ferrari’ pit-stopa girdi. Mən sərt, onlar isə yumşaq təkərlərdə idilər. Buna görə onları arxada saxlamaq çox çətin idi. Xoşbəxtlikdən bunu bacardıq. Yay fasiləsinə belə üstünlüklə yollanmaqdan çox məmnunam”.

Macarıstan Qran-prisindən sonra pilotların sıralaması:

  1. Andrea Kimi Antonelli (“Mercedes”) – 219 xal
  2. Lyuis Hemilton (“Ferrari”) – 169 xal
  3. Corc Rassell (“Mercedes”) – 160 xal
  4. Şarl Lekler (“Ferrari”) – 138 xal
  5. Lando Norris (“McLaren”) – 128 xal
  6. Maks Ferstappen (“Red Bull”) – 109 xal
  7. Oskar Piastri (“McLaren”) – 92 xal
  8. İsak Hacar (“Red Bull”) – 68 xal
  9. Liam Louson (“Racing Bulls”) – 43 xal
  10. Pyer Qasli (“Alpine”) – 42 xal

Mühəndislər Kubokunda vəziyyət:

  1. “Mercedes” – 379 xal
  2. “Ferrari” – 307 xal
  3. “McLaren” – 220 xal
  4. “Red Bull” – 177 xal
  5. “Racing Bulls” – 66 xal
  6. “Alpine” – 61 xal
  7. “Haas” – 21 xal
  8. “Audi” – 12 xal
  9. “Williams” – 11 xal
  10. “Aston Martin” – 1 xal
  11. “Cadillac” – 0 xal

Beləliklə, Norris yay fasiləsinə mövsümdəki ilk qələbəsinin yaratdığı yüksək əhvali-ruhiyyə ilə yollanıb. Antonelli isə üçüncü yeri tutaraq ən yaxın izləyicisi Lyuis Hemiltonla xal fərqini 50-yə çatdırıb və titul uğrunda mübarizədə əsas favorit mövqeyini qoruyub.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni