WBC versiyası üzrə yarımorta çəki dərəcəsində dünya çempionu Rayan Qarsiyanın növbəti rəqibi rəsmən müəyyənləşib. Amerikalı boksçu ilk titul müdafiəsini WBC-nin məcburi iddiaçısı olan britaniyalı Konor Bennə qarşı keçirəcək.
Qarşılaşma sentyabrın 12-də ABŞ-ın Las-Veqas şəhərində yerləşən T-Mobile Arena-da baş tutacaq. Döyüş gecəsinin əsas hadisəsi olacaq görüş Golden Boy Promotions və Zuffa Boxing tərəfindən birgə təşkil ediləcək.
Çempion ilk müdafiəsinə çıxır
Rayan Qarsiya WBC yarımorta çəki kəmərini bu ilin fevralında Mario Barriosu hakimlərin yekdil qərarı ilə məğlub edərək qazanmışdı. İndi isə 25 qələbə (20-si nokautla) və 2 məğlubiyyətdən ibarət rekordunu ilk dəfə dünya çempionu kimi qorumağa çalışacaq.
Konor Benn isə peşəkar karyerasında ilk dəfə dünya çempionluğu uğrunda döyüşəcək. Britaniyalı boksçu son qarşılaşmasını aprel ayında keçirib və keçmiş dünya çempionu Rejis Proqreysi hakimlərin yekdil qərarı ilə məğlub edərək titul şansını rəsmiləşdirib. Hazırda onun aktivində 25 qələbə (14-ü nokautla) və 1 məğlubiyyət var.
Döyüş ABŞ-da Paramount+, Böyük Britaniya və İrlandiyada isə DAZN platforması vasitəsilə canlı yayımlanacaq. Bu qarşılaşma həm də Zuffa Boxing layihəsinin indiyədək təşkil etdiyi ən səs-küylü boks gecələrindən biri hesab olunur.




