Red Bull Racing komandası Maks Ferstappeni heyətdə saxlamaq üçün yeni uzunmüddətli müqavilə üzərində işləyir. Almaniyanın Bild nəşrinin yaydığı məlumata görə, komanda niderlandlı pilotun gələcəyi ilə bağlı qeyri-müəyyənliyə son qoymaq istəyir və ona daha sərfəli şərtlərlə yeni saziş təklif etməyə hazırlaşır. Hazırda Ferstappenin Red Bull ilə qüvvədə olan müqaviləsi 2028-ci ilin sonuna qədər nəzərdə tutulub, lakin performans göstəricilərinə bağlı xüsusi bəndlər müzakirə mövzusu olaraq qalır.
Bildirilir ki, son günlər yayılan və Red Bull-un mövcud müqavilədəki birtərəfli çıxış maddəsini satın almağa çalışdığı barədə xəbərlər həqiqəti əks etdirmir. Bunun əvəzinə komanda pilotla tamamilə yeni razılaşma əldə etməyi planlaşdırır.
Yeni müqavilənin detalları
Məlumata əsasən, Red Bull Ferstappenə 2029-cu ilin sonuna qədər nəzərdə tutulan yeni müqavilə təqdim etməyə hazırlaşır. Təklif olunan sənəddə mövcud müqavilədə yer alan erkən ayrılma bəndinin olmayacağı bildirilir. Komanda bunun əvəzində dünya çempionunun maaşını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.
Hazırkı müqavilədə yer alan şərtə əsasən, Ferstappen yay fasiləsinə qədər pilotlar çempionatında ilk üçlükdə qərarlaşmasa, müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ əldə edə bilər. Hazırda o, ümumi sıralamada 6-cı pillədə qərarlaşıb. Bununla belə, pilotun yekun qərarı verməsi üçün oktyabr ayına qədər vaxtı olduğu qeyd edilir.
Red Bull rəhbərliyi isə məsələni mümkün qədər tez həll etmək niyyətindədir. Komanda hesab edir ki, Ferstappenin gələcəyi ilə bağlı aydınlıq həm 2027-ci il mövsümünə hazırlıq, həm də yeni texniki layihələrin planlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Son həftələrdə Maks Ferstappen də gələcəyi ilə bağlı yayılan iddialara münasibət bildirərək hazırda diqqətini komandanın nəticələrinin yaxşılaşdırılmasına yönəltdiyini və Red Bull ilə gələcək planları müzakirə etdiyini açıqlayıb. Bununla belə, o, komandada qalacağı barədə hələlik qəti qərarını açıqlamayıb.




