Rəsmi: Fil Foden “Mançester Siti” ilə müqaviləni uzatdı

İngiltərənin “Mançester Siti” klubu yarımmüdafiəçisi Fil Fodenlə bağlı mühüm qərarını açıqlayıb. Klub yetirməsi olan futbolçu ilə yeni müqavilə imzalanıb və bu anlaşmaya əsasən o, komandada 2030-cu ilə qədər çıxış edəcək.

25 yaşlı futbolçu uzun illərdir “şəhərlilər”in əsas heyətində mühüm rol oynayır. Foden 2017-ci ildən etibarən əsas komandaya cəlb olunub və qısa müddətdə klubun aparıcı simalarından birinə çevrilib.

Son mövsüm Foden üçün kifayət qədər məhsuldar olub. O, 2025/26 mövsümündə bütün turnirlər daxil olmaqla 50 oyunda iştirak edib, 10 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun çıxışı komandanın nəticələrinə ciddi təsir göstərib.

Fil Foden “Mançester Siti” ilə birlikdə bir sıra böyük uğurlara imza atıb. O, klubun heyətində altı dəfə İngiltərə çempionu olub və UEFA Çempionlar Liqasının qalibi adını qazanıb. Bundan əlavə, 2023/24 mövsümündə Premyer Liqanın ən yaxşı oyunçusu seçilməsi onun fərdi nailiyyətləri arasında xüsusi yer tutur.

Yeni müqavilə ilə bağlı danışan futbolçu bu qərarın onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

“Gələcəyimi ‘Mançester Siti’ ilə bağlamaq mənim üçün çox önəmlidir. Bu klubda oynamaq uşaqlıq arzum olub və bu formanı geyinmək hər zaman böyük şərəfdir.

Biz tarixi bir dövr yaşadıq və çoxsaylı titullar qazandıq. Amma biz yalnız keçmişlə kifayətlənmirik, daim irəli baxır və daha çox uğur qazanmaq istəyirik.

Kluba, məşqçilər heyətinə, komanda yoldaşlarıma və azarkeşlərə mənə göstərdikləri dəstəyə görə minnətdaram. Mən də hər zaman meydanda maksimumumu verməyə çalışıram və ümid edirəm ki, gələcək illərdə bunun qarşılığını verə biləcəyəm”.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni