Türkiyə futbolunda hakimlərlə bağlı aparılan istintaqda yeni detallar ortaya çıxıb. Türkiyə Futbol Federasiyasının (TFF) Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Ferhat Gündoğdu ilə Super Liqa hakimi Yasin Kol arasında olduğu bildirilən WhatsApp yazışmaları istintaq materiallarına daxil edilib.
İstanbul Respublika Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində üzə çıxan mesajlarda matçlara hakim, VAR və AVAR təyinatları ilə bağlı konkret adların müzakirə edildiyi görünür. Hər iki şəxs istintaq çərçivəsində saxlanılıb.
Yazışmaların bir hissəsi 26 may 2025-ci il tarixinə aiddir. Həmin mesajlarda Yasin Kol Ferhat Gündoğduya özü də daxil olmaqla Abdullah Bora Özkara, Bahtiyar Birinci və Çağdaş Altayın adlarını göndərib. VAR üçün Onur Özütoprak, AVAR üçün isə Sarper Barış Sakanın adını qeyd edib.
Kol mesajını “Başkanım sizde nasıl uygun görürseniz” ifadəsi ilə tamamlayıb.
Hakim və VAR seçimləri müzakirə olunub
Yazışmaların davamında Gündoğdunun VAR təyinatı ilə bağlı “Başka kim olabilir?” sualını verdiyi, Kolun isə “Erkan Engin olsun başkanım” cavabını yazdığı görünür.
Başqa mesajlarda Yasin Kol Özgür Yankayanın təyin edilməsini istəyərək “Değişme şansımız varsa Özgür abi olsun” yazıb. Gündoğdu isə “Özgür’ün yanına AVAR’ı kim olsun istersin” sualını ünvanlayıb. Kol buna “Başkanım Atilla olsun” cavabını verib.
İstintaq materiallarına daxil olduğu bildirilən digər yazışmalarda da hakim heyətlərinin müəyyənləşdirilməsi müzakirə edilib. 1 oktyabr 2025-ci il tarixli mesajlarda Ali Şansalan, Mehmet Salih Mazlum və Sarper Barış Saka kimi hakimlərin adları yer alıb.
Türkiyə mediasının yaydığı məlumatlara əsasən, araşdırmada bu yazışmaların hakim təyinatı prosesinə qaydalardan kənar müdaxilə olub-olmadığının müəyyənləşdirilməsi baxımından qiymətləndirildiyi bildirilir. İstintaq davam etdiyindən, yazışmalarda yer alan faktlarla bağlı yekun hüquqi qiymət hələ verilməyib.












