UEFA VAR qaydalarını sərtləşdirir: müdaxilələr azalacaq

UEFA 2026/2027 mövsümündən etibarən VAR sisteminin tətbiqində daha vahid yanaşmaya nail olmaq və lazımsız müdaxilələrin sayını azaltmaq istiqamətində yeni addım atıb. Avropa futbol qurumu bunun üçün “Clear Line” adlı xüsusi platformanı istifadəyə verib.

Yeni resursda hakimlər üçün mürəkkəb və mübahisəli oyun epizodları video nümunələr və ətraflı izahlarla təqdim olunur. Məqsəd oxşar vəziyyətlərin müxtəlif ölkələrin çempionatlarında və UEFA turnirlərində mümkün qədər eyni meyarlarla qiymətləndirilməsidir.

UEFA-nın hakimlər üzrə direktoru Roberto Rosetti daha əvvəl də VAR-ın oyunu yenidən idarə edən mexanizmə çevrilməməli olduğunu vurğulayıb. Avropa futbol qurumunun əsas prinsipi dəyişmir: videoassistent yalnız meydandakı hakimin “aydın və aşkar” səhvə yol verdiyi və ya mühüm epizodu nəzərdən qaçırdığı hallarda müdaxilə etməlidir.

Xırda təmaslara görə oyun dayandırılmamalıdır

UEFA hesab edir ki, epizodu dəfələrlə və müxtəlif rakurslardan böyüdərək araşdırmaq meydandakı ilkin qərarın həqiqətən açıq səhv olub-olmadığına dair suallar yaradır. Buna görə uzun və “mikroskopik” VAR yoxlamalarının məhdudlaşdırılması nəzərdə tutulur.

Xüsusilə subyektiv qiymətləndirmə tələb edən epizodlarda hər kiçik təmasın qayda pozuntusu kimi qəbul edilməməsi əsas prinsiplərdən biridir. Meydandakı hakim qarşılaşmanın əsas qərarvericisi olaraq qalmalı, VAR isə yalnız ciddi səhvləri düzəltmək üçün ona dəstək verməlidir.

UEFA iyulun sonunda Avropanın 55 milli assosiasiyasının hakimlik üzrə rəhbərləri ilə keçirilən görüşdə də 2026/2027 mövsümü üçün bu yanaşmanın vacibliyini ön plana çıxarıb. Məqsəd təkcə VAR müdaxilələrini azaltmaq deyil, həm də Avropa futbolunda hakimlik standartlarını yaxınlaşdırmaqdır.

“Clear Line” vahid yanaşma yaratmalıdır

Yeni platforma yalnız hakimlər üçün nəzərdə tutulmayıb. UEFA onun futbolçulara, məşqçilərə, media nümayəndələrinə və azarkeşlərə də qərarların hansı məntiqlə verildiyini daha yaxşı anlamağa kömək etməsini istəyir.

“Clear Line” sabit sənəd olmayacaq və yeni mübahisəli vəziyyətlər yarandıqca əlavə nümunə və izahlarla yenilənəcək. UEFA bununla VAR-ın oyuna minimum müdaxilə etməsini, eyni zamanda həqiqətən aydın səhvlərin düzəldilməsində effektiv vasitə olaraq qalmasını hədəfləyir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni