Usik Misir piramidaları önündə qalib gəldi – Verhoveni nokaut etdi

Ukraynalı dünya çempionu Oleksandr Usik növbəti dəfə peşəkar rinqdə gücünü nümayiş etdirib. Ağır çəkidə WBC, WBA və IBF kəmərlərinin sahibi olan boksçu Misirin Giza şəhərində keçirilən döyüşdə niderlandlı kikboks ustası Riko Verhoveni 11-ci raundda texniki nokautla məğlub edib.

Tarixi qarşılaşma Misir piramidalarının yaxınlığında təşkil olunub və ilin ən çox müzakirə olunan döyüşlərindən biri hesab olunurdu. Hakim 11-ci raundda Verhovenin zərbələrə cavab verə bilmədiyini görərək görüşü dayandırıb.

Usik titulunu qorudu

12 raundluq qarşılaşmada Usikin WBC və The Ring çempionluq kəmərləri risk altında idi. WBA və IBF təşkilatları isə xüsusi qərarla döyüşə icazə versə də, Verhoven qalib gəlsə belə tamhüquqlu çempion elan olunmayacaqdı.

39 yaşlı Usik 2026-cı ildə ilk dəfə rinqə çıxıb. Onun son döyüşü 2025-ci ilin iyulunda Daniel Dyubuaya qarşı olmuşdu. Həmin görüşdə ukraynalı boksçu rəqibini nokaut edərək üçüncü dəfə mütləq dünya çempionu adına yiyələnmişdi. Daha sonra WBO kəmərindən imtina etdiyi üçün bu statusunu itirmişdi.

Verhoven üçün çətin sınaq oldu

37 yaşlı Riko Verhoven kikboksinq dünyasının ən tanınmış simalarından biri hesab olunur. Niderlandlı idmançı uzun illər Glory təşkilatının ağır çəkidə dominant çempionu olub və 2014-cü ildən etibarən dünyanın ən güclü kikboksçuları sırasında göstərilib.

Peşəkar kikboksinqdə 66 qələbə qazanan Verhoven üçün bu döyüş böyük çağırış sayılırdı. O, daha əvvəl peşəkar boks və MMA-da da qüvvəsini sınasa da, Usik qarşısında ciddi çətinlik yaşayıb.

Döyüşdən sonra ekspertlər Usikin texniki üstünlüyünü və raundlar keçdikcə tempini daha da artırmasını xüsusi qeyd ediblər. Qarşılaşma həm atmosferi, həm də səviyyəsi ilə ilin ən yaddaqalan boks gecələrindən biri kimi qiymətləndirilir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni