Qazaxıstanda təlim-məşq toplanışında olan Azərbaycan qadın futbol millisi üç gün içində ikinci dəfə bu ölkənin yığması ilə üz-üzə gəlib və yenidən məğlubedilməz olduğunu sübut edib. Çimkənd şəhər stadionunda keçirilən görüşdə komandamız 1:0 hesabı ilə qalib olub.
Oyunun yeganə qolunu 82-ci dəqiqədə “Zenit” klubunun üzvü Nigar Mirzəliyeva vurub. Baş məşqçi Siyasət Əsgərov ilk dəqiqələrdən etibarən bu heyətə güvənib: Nərgiz Əliyeva, Alina Həhmətova, Jalya Maksimova, Nigar Mirzəliyeva, Ayşən Əhmədova, Esra Manya, Mana Mollayeva, kapitan Sevinc Cəfərzadə, Vüsalə Seyfəddinova, Vüsalə Hacıyeva və Peritan Bozdağ.
Qeyd edək ki, komandalar arasında oktyabrın 24-də keçirilən ilk oyunda da Azərbaycan millisi 2:1 hesabı ilə üstün olmuşdu.
Hakimlər briqadası Özbəkistandan təşkil olunub və Roziyabonu Yusupova baş hakim kimi iştirak edib.



