Bizon Azərbaycan Kuboku çərçivəsində 1/8 final oyunları bu gün yekunlaşacaq. Final oyun günündə üç maraqlı qarşılaşma keçiriləcək və onların nəticələri əsasında növbəti mərhələyə vəsiqə qazanacaq komandalar müəyyənləşəcək.
Günün ilk matçı saat 15:00-da Qəbələ şəhər stadionunda olacaq. Burada “Qəbələ” I Liqa təmsilçisi “Şəfa” ilə qarşılaşacaq. Axşam saat 19:00-da eyni vaxtda iki oyun keçiriləcək. “Liv Bona Dea Arena”da “Araz-Naxçıvan” “Kəpəz”lə qarşılaşacaq, Mehdi Hüseynzadə adına Sumqayıt stadionunda isə “Difai” “Sumqayıt”ı qəbul edəcək.
Əldə olunan nəticələrdən sonra növbəti mərhələdə aşağıdakı qarşılaşmalar reallaşacaq:
- “Qəbələ” – “Şəfa” cütünün qalibi “Sabah” qarşısında,
- “Araz-Naxçıvan” – “Kəpəz” matçının güclüsü “Turan Tovuz”a,
- “Difai” – “Sumqayıt” oyunundan qalib gələn tərəf isə “Zirə”yə rəqib olacaq.
Əvvəlki qarşılaşmalarda “Turan Tovuz” “Şahdağ Qusar”ı 2:1, “Zirə” əlavə vaxtda “Neftçi”ni 1:0, “Şamaxı” “Baku Sportinq”i 1:0, “Sabah” əlavə vaxtda “İmişli”ni 2:1, “Qarabağ” isə “Karvan-Yevlax”ı 3:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.



