Misli Premyer Liqasının ilk 16 turunda stadionların ot örtüyü baş məşqçilərin əsas şikayət mövzusu olub. Xüsusilə “Zirə”nin rəhbəri Rəşad Sadıqov və “Sabah”ın məşqçisi Valdas Dambrauskas Tovuz, Yevlax və Quba stadionlarının vəziyyətindən narazılıqlarını bəyan ediblər.
Klubların qış fasiləsində planları
“Turan Tovuz”un mətbuat xidməti rəhbəri Süleyman Tağıyev yanvarın 25-də “Sumqayıt”la ev oyununa qədər təbii ot örtüyünün tam bərpa olunacağını, əlavə müdaxiləyə ehtiyac olmadığını qeyd edib.
“Karvan-Yevlax”ın idman direktoru Kənan Kərimov Yevlax şəhər stadionunun UEFA standartlarına uyğun olduğunu bildirmiş, eyni zamanda ehtiyat meydançasına təbii ot örtüyü quraşdıraraq gələcəkdə tribuna tikintisi planlaşdırdıklarını açıqlayıb.
Qubada ev oyunları keçirən “İmişli” klubu Gənclər və İdman Nazirliyinə müraciət edərək müsbət cavab alıb, qış fasiləsində ot örtüyünün yaxşılaşdırılacağını təsdiqləyib.
Klub mətbuat xidmətinin rəhbəri Leyla Behbudlu bu addımların ikinci yarıda şikayətləri minimuma endirəcəyini vurğulayıb. AFFA-nın baş katibi Fərid Əsədzadə BOS-un mətbuat katibi olaraq stadionların təbii örtüyə keçid prosesində işlər aparıldığını bildirmişdir.



