Daşkənddə keçirilən “Böyük Dəbilqə” turniri Azərbaycan cüdoçuları üçün həm medal sayı, həm də dünya reytinqində irəliləyiş baxımından uğurlu olub. Beynəlxalq Cüdo Federasiyasının (IJF) yenilənmiş siyahısına əsasən, Özbəkistandakı nəticələr millimizin bir neçə üzvünü zirvəyə daha da yaxınlaşdırıb.
Azərbaycan yığması turniri aşağıdakı nəticə ilə başa vurub:
4 qızıl medal – Əhməd Yusifov (60 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq), Kənan Nəsibov (+100 kq)
1 gümüş medal – Balabəy Ağayev (60 kq)
2 bürünc medal – Zelim Kotsoyev (100 kq), Camal Qamzatxanov (+100 kq)
60 kq: Liderliyə doğru ciddi addım
Daşkənd qalibi Əhməd Yusifov (3305 xal) 8 pillə irəliləyərək 8-ci yerə yüksəlib. Finalda ona məğlub olan Balabəy Ağayev (4365 xal) isə 4-cü yerdən 2-ci pilləyə qalxıb və lider braziliyalı Mikel Auqustodan cəmi 7 xal geri qalır.
Digər çəkilərdə də ciddi dəyişikliklər qeydə alınıb:
- Ömər Rəcəbli (81 kq, 2178 xal) – 17 pillə irəliləyərək 15-ci yer
- Murad Fətiyev (90 kq, 2976 xal) – 10 pillə irəliləyərək 6-cı yer
- Kənan Nəsibov (+100 kq, 3000 xal) – 11 pillə yüksələrək 9-cu yer
- Camal Qamzatxanov (+100 kq, 2063 xal) – 5 pillə irəliləyərək 21-ci yer
90 kq-da Elcan Hacıyev (3246 xal) turnirdə iştirak etməsə də, 3-cü yerdən 4-cü pilləyə enib. 100 kq-da Zelim Kotsoyev (5238 xal) 2-ci mövqeyini qoruyur və lider yapon Dota Araidən 112 xal geri qalır.
73 kq çəkidə olimpiya çempionu Hidayət Heydərov (3336 xal) Daşkəndə qatılmasa da, rəqiblərinin xal itirməsi nəticəsində 8-ci pillədən 7-ci yerə yüksəlib.
Daşkənd “Böyük Dəbilqə”si Azərbaycan cüdoçularının beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirdiyini göstərdi.



