Polşanın Katovitse şəhərində keçirilən şahmat üzrə şəxsi Avropa çempionatında Azərbaycan təmsilçiləri uğurlu çıxışları ilə diqqət çəkirlər. Turnirin ilk iki turundan sonra beş şahmatçımız maksimum nəticə göstərərək liderlər qrupunda qərarlaşıb.
İki oyunda da qalib gələn idmançılar 2 xal toplayaraq ön sıralarda yer alıblar və turnirin əsas favoritləri sırasında göstərilirlər.
Hazırda 100%-lik nəticə ilə çıxış edən azərbaycanlı şahmatçılar:
- Aydın Süleymanlı
- Riad Səmədov
- Xəzər Babazadə
- Məhəmməd Muradlı
- Nicat Abasov
Əlavə göstəricilərə əsasən, Aydın Süleymanlı ümumi sıralamada liderdir. Digər təmsilçilər isə müxtəlif pillələrdə qərarlaşıblar: Səmədov 24-cü, Babazadə 35-ci, Muradlı 52-ci, Abasov isə 53-cü yerdədir.
Üçüncü turda bir neçə maraqlı qarşılaşma baş tutacaq. Süleymanlı ilə Səmədov bir-birinə rəqib olacaq. Digər oyunlarda Babazadə Belçikanı təmsil edən Daniel Daronla, Muradlı polşalı Lukaş Liyne ilə, Abasov isə Ukrayna şahmatçısı Svyatoslav Bazakutsa ilə üz-üzə gələcək.
Qeyd edək ki, digər azərbaycanlı iştirakçılar hələlik liderlər qrupuna daxil olmayıblar. Bununla belə, komandanın ümumi nəticəsi müsbət qiymətləndirilir – ilk turda 13 şahmatçıdan 10-u qələbə qazanıb.
Turnirin sonunda ilk 20 pillədə qərarlaşacaq şahmatçılar 2027-ci il dünya çempionatına vəsiqə əldə edəcəklər.



