Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında həlledici mərhələyə start verilir. Azərbaycan milli komandası bu gün turnirin 1/4 finalında meydana çıxaraq yarımfinal uğrunda mübarizə aparacaq.
Elşad Quliyevin rəhbərlik etdiyi yığma növbəti sınağında Çexiya millisi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:59-da Bratislavadakı “Tipos Arena”da baş tutacaq. Bu cütün qalibi yarımfinalda Rumıniya – Serbiya duelinin qalibi ilə qarşılaşacaq.
Azərbaycan inamlı çıxışı ilə diqqət çəkir
Milli komanda turnirdə indiyədək uğurlu performans nümayiş etdirib. Azərbaycan yığması 1/8 final mərhələsində Qazaxıstan üzərində 3:2 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.
Komanda qrup mərhələsində də maksimum nəticə göstərib. F qrupunda çıxış edən yığmamız ardıcıl olaraq Avstriyanı 1:0, İtaliyanı 3:0 və Fransanı 3:2 hesabı ilə məğlub edərək qrup lideri kimi pley-offa vəsiqə əldə edib.
Avropa çempionatının digər 1/4 final qarşılaşmaları da böyük maraq doğurur. Macarıstan Bolqarıstanla, Gürcüstan isə Ukrayna ilə üz-üzə gələcək. Turnirin favoriti sayılan komandalar arasında mübarizənin gərgin keçəcəyi gözlənilir.
Azərbaycan millisi son illərdə minifutbolda əldə etdiyi uğurlarla Avropanın ən güclü kollektivlərindən birinə çevrilib. Komanda Çexiya səddini də aşacağı təqdirdə, qitə çempionatında medal uğrunda mübarizəni davam etdirəcək.




