Azərbaycanın minifutbol üzrə milli komandası bu gün Slovakiyada keçirilən Avropa çempionatında tarixinin ən vacib oyunlarından birinə çıxacaq. Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv turnirin final mərhələsində Ukrayna yığması ilə üz-üzə gələcək.
Həlledici qarşılaşma Bratislavadakı “Tipos Arena”da keçiriləcək. Matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Komandamız Avropa çempionluğu uğrunda mübarizə aparacaq.
Azərbaycan finala necə yüksəldi?
Milli komanda turnir boyu uğurlu çıxışı ilə diqqət çəkib. Azərbaycan yığması F qrupunda bütün görüşlərini qələbə ilə başa vuraraq pley-off mərhələsinə yüksəlib:
- Avstriya – 1:0
- İtaliya – 3:0
- Fransa – 3:2
Komandamız daha sonra 1/8 finalda Qazaxıstanı 3:2 hesabı ilə məğlub edib. Dörddəbir finalda isə Çexiya üzərində 5:2 hesablı inamlı qələbə qazanaraq yarımfinala vəsiqə əldə edib.
Yarımfinalda Azərbaycanın rəqibi Serbiya olub. Gərgin keçən görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Qalib penaltilər seriyasında müəyyənləşib və burada daha dəqiq oynayan millimiz 3:1 hesablı üstünlüklə final biletini qazanıb.




