Almaniyalı tennisçi Aleksandr Zverev karyerasında ilk dəfə Böyük Dəbilqə turnirinin qalibi olub. ATP reytinqində üçüncü pillədə qərarlaşan tennisçi Roland Qarros 2026-nın finalında italiyalı Flavio Kobollini beş set davam edən gərgin mübarizədə məğlub edərək Parisdə tarixi uğura imza atıb.
Həlledici görüşdə Zverev rəqibini 6:1, 4:6, 6:4, 6:7 (5:7), 6:1 hesabı ilə üstələyib. Bu, iki tennisçi arasında keçirilən beşinci qarşılaşma olub və almaniyalı raketka sahibi dördüncü qələbəsini qazanıb.
Turnir boyunca inamlı çıxış edən Zverev çempionluq yolunda Benjamen Bonzi, Tomaş Maxaç, Kanten Ali, Yesper de Yonq, Rafael Xodar və Yakub Menşiki mübarizədən kənarlaşdırıb.
Roland Qarros kortlarında qazandığı bu qələbə onun Parisdəki ümumi qələbə sayını 45-ə çatdırıb. Bununla da o, bu göstəricidə ispaniyalı David Ferreri (44 qələbə) geridə qoyub.
Eyni zamanda Zverev 1990-cı illərdə anadan olmuş və Grand Slam turniri qazanan cəmi üçüncü tennisçi kimi tarixə düşüb. Daha əvvəl buna Dominik Tim və Daniil Medvedev nail olmuşdular.
Tarixi rekordlar və qırılan lənət
Bu titul Zverev üçün uzun illərin gözləntisinin sonu olub. Alman tennisçi ilk major kubokunu yalnız dördüncü final cəhdində əldə edib. O, bundan əvvəl US Open 2020-də Dominik Timə, Roland Qarros 2024-də Karlos Alkarasa və Avstraliya Açıq Çempionatı 2025-də Yannik Sinnerə məğlub olmuşdu.
Melburndakı həmin məğlubiyyətdən sonra Zverev Açıq Era tarixində ilk üç Grand Slam finalını uduzan səkkizinci tennisçi olmuşdu. Parisdəki zəfər isə bu uğursuz seriyanı sona çatdırdı.
Bununla o, Andre Aqassi və Qoran İvanişeviç kimi tennis əfsanələrinin yolunu təkrarlayıb. Hər iki oyunçu da ilk Böyük Dəbilqə titulunu dördüncü final cəhdində qazanmışdı.
Zverev həmçinin Grand Slam, ATP Masters 1000, ATP Finals və Olimpiya Oyunlarının qızıl medalını qazanan tarixdə dördüncü tennisçi olub. Ondan əvvəl bu uğura yalnız Andre Aqassi, Endi Marrey və Novak Cokoviç imza atmışdı.
Roland Qarros 2026-dakı qələbə Almaniya tennisində də 30 illik fasiləni başa vurub. Sonuncu dəfə alman tennisçi Boris Bekker 1996-cı ildə Avstraliya Açıq Çempionatının qalibi olmuşdu. İndi isə Zverev öz adını ölkə tennisinin ən böyük uğurları sırasına yazdırıb.




